Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 13:36
Türk dünyasında din və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi vacibdir.
APA-nın xəbərinə görə, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini qurum rəhbərlərinin Şuşada keçirilən ilk görüşündə çıxış edən Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev deyib. O, tədbirin Türk Dövlətləri Təşkilatı çərçivəsində dini sahədə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olduğunu bildirib.
Sodik Toşboyev qeyd edib ki, qlobal çağırışlar, radikalizm, ekstremizm və dini məsələlərdən siyasi məqsədlərlə istifadə cəhdləri dövlət qurumları arasında daha sıx koordinasiyanı zəruri edir.
Komitə sədri TDT-yə üzv ölkələrin dini qurumlarının nümayəndələrindən ibarət daimi işçi qrupunun yaradılmasını, radikalizmə qarşı birgə fəaliyyətin gücləndirilməsini, internet mühitində dini fanatizmlə mübarizədə təcrübə mübadiləsinin aparılmasını təklif edib.
Sodik Toşboyev bildirib ki, Özbəkistan İmam Buxari, İmam Termizi, Mir Ərəb və digər dini təhsil müəssisələrində TDT ölkələrindən olan gənclər üçün təhsil imkanları yaratmağa hazırdır.
O, həmçinin alimlər və tədqiqatçılar üçün qısamüddətli elmi təcrübə proqramlarının təşkilini, ziyarət turizminin inkişafını, ortaq dini-təhsil vəsaitinin və "Türk Dünyası Alimləri" ensiklopediyasının hazırlanmasını təklif edib.
Sonda o, bütün nümayəndə heyətlərini 9–11 iyul tarixlərində Daşkənd, Səmərqənd və Termez şəhərlərində keçiriləcək "İslam Forumu"na dəvət edərək, Özbəkistanın irəli sürülən təşəbbüslərin həyata keçirilməsi istiqamətində qardaş ölkələrlə açıq və sistemli əməkdaşlığa hazır olduğunu bildirib.
Elgün GəncimsoyMənbə: apa.az