Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 20:04
“TRIPP təşəbbüsü və daha dərin təhlükəsizlik əməkdaşlığı vasitəsilə biz Cənubi Qafqaz regionunu geri dönməz şəkildə sülh yoluna çıxara bilərik. Biz bu səydə Azərbaycanı tərəfdaşımız kimi görürük”.
APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ-ın müstəqilliyini 250 illik yubileyinin qeyd olunması ilə əlaqədar keçirilən mərasimdəki çıxışında deyib.
“ABŞ son üç onillikdən artıq müddətdə Azərbaycanın inkişafındakı həlledici məqamlarda onun yanında olub. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biriyik. Son 35 il ərzində isə sülh və sabitlik naminə investisiyaları, dialoqu və diplomatiyanı dəstəkləmişik”, - Emi Karlon vurğulayıb.
Diplomat Azərbaycan və Ermənistan arasında 2025-ci il 8 avqust tarixində sülh razılaşmasının paraflanması barədə də danışıb.
“Prezident Trampın və bütün dünyanın şahidliyi ilə Azərbaycan və Ermənistan onilliklərlə davam edən münaqişədən sonra yeni səhifə açmaq üçün fövqəladə fürsətdən yararlandılar. Onlar qarşıdurma deyil, bağlantı, əməkdaşlıq və rifahla müəyyən olunan gələcək qurmağa sadiqlik nümayiş etdirdilər. Bu sülhün yaratdığı imkanlar artıq özünü göstərməyə başlayır. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu, eləcə də yeni ABŞ-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində biz Cənubi Qafqazın əlaqəli və qlobal iqtisadi sistemə inteqrasiya olunmuş bir regiona çevrilməsi vizyonunu birlikdə irəli aparırıq. Bu region Şərqlə Qərbi birləşdirən, ticarəti genişləndirən, enerji təhlükəsizliyini gücləndirən və iqtisadi artım üçün yeni imkanlar yaradan bir məkana çevrilməlidir”, - Emi Karlon qeyd edib.
O əlavə edib ki, Azərbaycan və ABŞ bu gün də daha əlaqəli, daha firavan və daha təhlükəsiz gələcək naminə birlikdə çalışmağa davam edir: “Nəticə etibarilə Amerika ruhu təkcə Amerikanın 250 illik tarixinin qeyd olunması deyil, həm də gələcəyə olan inamın ifadəsidir. “Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinə qədər ABŞ hökuməti və Amerika şirkətləri Azərbaycanın böyük enerji iqtisadiyyatına çevrilməsini qürurla dəstəkləyiblər. Bu gün biz əvvəlki əməkdaşlığımızı yeni enerji investisiyaları etmək, süni intellekt texnologiyalarını tətbiq etmək, məlumat mərkəzləri qurmaq və qarşılıqlı rifah yaratmaq üçün digər qabaqcıl imkanları araşdırmaqla davam etdiririk”.
Toğrul QuluzadəMənbə: apa.az