Cümə axşamı, 2 İyul, 2026
Tarix: 02 Jul 2026 12:42
Azərbaycan elektrik nəqliyyatının genişləndirilməsi hesabına beynəlxalq karbon bazarından hər il 18 milyon ABŞ dollarına qədər gəlir əldə etmək potensialına malikdir.
"APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankından (ADB) bildirilib.
Məlumata görə, COP29 çərçivəsində pilot layihə kimi Bakının marşrut xətlərinə 160 elektrik avtobusu gətirilərək istismara verilib. Bundan əlavə, ölkədə 3 000 elektrik avtobusunun istifadəyə verilməsi planlaşdırılır.
ADB hesablamalarına əsasən, yalnız 3 000 elektrik şəhər avtobusunu əhatə edən layihə ildə təxminən 153 min ton CO₂ emissiyasının qarşısını ala və karbon kreditlərinin satışı hesabına ildə 4-5 milyon ABŞ dolları gəlir gətirə bilər.
Hesabatda qeyd edilir ki, daha geniş elektromobillik proqramı çərçivəsində 2030-cu ilədək ölkədə 3 000 elektrik avtobusunun istismarı, yük avtomobillərinin 1%-nin elektrikləşdirilməsi, minik avtomobillərinin isə 5%-nin elektriklə işləməsi və onların enerji tələbatının 30%-nin ictimai enerji doldurma məntəqələri vasitəsilə ödənilməsi halında, Azərbaycan ildə təxminən 600 min ton CO₂ emissiyasının azaldılmasına nail ola bilər. Bu isə karbon kreditlərinin satışı hesabına təxminən 18 milyon ABŞ dolları dəyərində gəlir formalaşdırmaq potensialına malikdir.
Sənəddə bildirilir ki, hazırda Azərbaycan beynəlxalq karbon bazarlarında elektrik mobilliyi layihələrinin qeydiyyatı üçün müəyyən edilmiş əsas meyarların hələ də altındadır. Bu isə ölkənin elektrik nəqliyyatı və enerji doldurma infrastrukturu layihələrini karbon bazarı mexanizmləri çərçivəsində reallaşdırması üçün əlverişli imkan yaradır.
ADB ölkə üzrə müxtəlif elektrik nəqliyyat vasitələrini və enerji doldurma infrastrukturunu əhatə edən vahid elektromobillik karbon kredit proqramının hazırlanmasını tövsiyə edir. Hesabata görə, belə bir proqram həm Azərbaycanın iqlim hədəflərinə çatmasına, həm də yeni maliyyə mənbələrinin formalaşdırılmasına töhfə verə bilər.
Rahim Tarıverdiyev ADB Asiya İnkişaf BankıMənbə: apa.az