Cümə axşamı, 2 İyul, 2026
Tarix: 02 Jul 2026 12:14
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Azər Badamov deyib ki, həm Prezident İlham Əliyevin, həm də Ursula fon der Lyayenin səsləndirdiyi fikirlər onu göstərir ki, tərəflər artıq əməkdaşlığı yalnız enerji sektoru çərçivəsində deyil, nəqliyyat, yaşıl enerji, rəqəmsal transformasiya, logistika, investisiya, ticarət və regional təhlükəsizlik istiqamətlərində də genişləndirmək niyyətindədirlər: "Əslində, Bakıda verilən mesajlar Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən yol xəritəsidir. Bu gün Avropa İttifaqı Azərbaycanın təkcə enerji resurslarına deyil, həm də geostrateji mövqeyinə, siyasi sabitliyinə və etibarlı tərəfdaş imicinə böyük önəm verir", - deyə deputat vurğulayıb.
Azərbaycanın Aİ üçün strateji tərəfdaş statusunun reallıq olduğunu təsdiqləyən mesajlar
Azər Badamov qeyd edib ki, Ursula fon der Lyayenin Azərbaycanı açıq şəkildə Avropa İttifaqının strateji tərəfdaşı adlandırması son illərdə formalaşan yeni geosiyasi reallığın nəticəsidir: “Bu ifadə diplomatik nəzakət xatirinə işlədilən söz deyil. Avropa bu gün enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və yeni iqtisadi əlaqələrin qurulması baxımından Azərbaycana xüsusi önəm verir. Son illərdə baş verən hadisələr göstərdi ki, etibarlı tərəfdaşların sayı məhduddur. Azərbaycan isə öz siyasəti ilə sübut etdi ki, üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirən dövlətdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son aylarda Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinin ardıcıl şəkildə Bakıya səfərləri təsadüfi deyil. Bu, münasibətlərdə görünməmiş dinamikanın formalaşdığını göstərir. Qarşılıqlı siyasi etimad artıq yeni iqtisadi layihələrin əsasını təşkil edir. Ursula fon der Lyayenin mesajları Azərbaycanın Avropa üçün strateji tərəfdaş statusunun artıq siyasi bəyanat deyil, reallıq olduğunu təsdiqləyir". Həm də Avropa Komisiyasının prezidentinin Azərbaycana səfəri çərçivəsində dövlət başçıların birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etdiyini bir daha təsdiq edir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib
Deputat bildirib ki, Avropa Komissiyası Prezidentinin çıxışında ən mühüm məqamlardan biri Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi qiymətləndirilməsi olub: “2022-ci ildə Avropa enerji böhranı ilə üz-üzə qalanda Avropa İttifaqı Azərbaycana müraciət etdi. Həmin dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropaya qaz ixracını qısa müddətdə əhəmiyyətli dərəcədə artırdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Strateji Tərəfdaşlıq Memorandumu imzalandıqdan sonra Avropa İttifaqına qaz ixracımız təxminən 65 faiz artıb. Bu gün ixrac etdiyimiz təbii qazın yarısı Avropa bazarına yönəldilir və artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazından istifadə edir. Ursula fon der Lyayenin "Azərbaycan çətin günlərdə Avropanın yanında oldu" fikri ölkəmizin etibarlı tərəfdaş statusuna verilən ən yüksək siyasi qiymətdir. Cənub Qaz Dəhlizi artıq təkcə enerji layihəsi deyil, Avropanın enerji təhlükəsizliyinin mühüm sütunlarından birinə çevrilib”.
Yaşıl enerji əməkdaşlığı münasibətlərə yeni məzmun qazandırır
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini qeyd eidb ki, Azərbaycan-Aİ əməkdaşlığının yeni mərhələsində əsas istiqamətlərdən biri yaşıl enerji olacaq: “Prezident İlham Əliyev açıqladı ki, artıq imzalanmış müqavilələr yaxın 5-6 il ərzində ölkəmizdə 8 giqavat günəş və külək enerjisinin istehsalına imkan verəcək. Bu, Azərbaycanın enerji tarixində tamamilə yeni mərhələdir. Ursula fon der Lyayenin Azərbaycanın təmiz enerji qovşağına çevriləcəyini xüsusi vurğulaması isə təsdiqləyir ki, Avropa artıq ölkəmizə yalnız qaz ixracatçısı kimi baxmır. Azərbaycan gələcəyin enerji bazarında da əsas oyunçulardan biri olacaq. Xəzər dənizinin külək enerjisi potensialı, Qara dəniz vasitəsilə elektrik enerjisinin Avropaya ötürülməsi və Yaşıl Enerji Dəhlizi layihəsi gələcək onilliklərin ən mühüm iqtisadi layihələri sırasına daxildir”.
Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas iqtisadi körpüyə çevrilir
Azər Badamov hesab edir ki, Bakıda səsləndirilən ən mühüm təşəbbüslərdən biri də Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının yaradılması təklifidir: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan uzun illərdir nəqliyyat infrastrukturuna milyardlarla dollar investisiya yatırır. Bu gün Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsi məhz Azərbaycandan keçir. Ursula fon der Lyayenin enerji ilə yanaşı, nəqliyyat və rəqəmsal bağlantını əhatə edən yeni platforma yaratmaq təklifi onu göstərir ki, Avropa Azərbaycanı artıq Avrasiya məkanının əsas logistika mərkəzlərindən biri kimi qiymətləndirir. Orta Dəhlizin əhəmiyyətinin sürətlə artması fonunda Azərbaycanın geoiqtisadi rolu daha da güclənəcək. Bu gün Avropa ilə Mərkəzi Asiya arasında ən təhlükəsiz, ən qısa və ən etibarlı marşrut Azərbaycandan keçir. Bu üstünlük ölkəmizin iqtisadi və siyasi çəkisini daha da artırır”. Bu baxımdan Ursula fon der Lyayenin Bakıda regional konfransının keçirilməsi ilə bağlı təklifin səsləndirilməsi dövlət başçımızın rəhbərliyi altında Azərbaycanın yaratdığı bağlantı layihələrin beynəlxalq əhəmiyyətinin Aİ üçün böyük əhəmiyyət daşıdığını təsdiq edir.
Mərkəzi Asiyanın yaşıl enerjisi də Azərbaycan üzərindən Avropaya daşına bilər
Deputat vurğulayıb ki, Azərbaycanın yaşıl enerji potensialı təkcə ölkənin öz imkanları ilə məhdudlaşmır: “Azərbaycan Xəzər regionunun enerji habına çevrilmək üzrədir. Gələcəkdə Mərkəzi Asiya ölkələrinin yaşıl enerji resurslarının da Azərbaycan vasitəsilə Avropaya ixracı mümkündür. Bu isə ölkəmizin strateji əhəmiyyətini tamamilə yeni səviyyəyə qaldıracaq”.
Aİ yeni investisiyalar və ticarət planları
Azər Badamov hesab edir ki, Avropa Komissiyası Prezidentinin yeni hərtərəfli saziş üzrə danışıqların bərpası ilə bağlı bəyanatı iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır: “Bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri sərmayədarıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın xarici ticarətinin 40 faizdən çoxu Avropa İttifaqı ölkələrinin payına düşür. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazla ticarət dövriyyəsinin təxminən 70 faizini Azərbaycan təşkil edir. Bu göstəricilər Azərbaycanın region iqtisadiyyatının aparıcı dövləti olduğunu bir daha təsdiqləyir. Yeni saziş imzalanacağı təqdirdə qeyri-neft sektoru, sənaye, rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar, logistika və investisiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq”.
Sülh iqtisadi inkişaf üçün yeni imkanlar yaradır
Deputat Bakıda aparılan müzakirələrdə sülh gündəliyinin iqtisadi aspektlərinin də xüsusi yer tutduğunu bildirib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq regionda sülhün praktik nəticələrini nümayiş etdirir. Ermənistanla normallaşma istiqamətində atılan addımlar, tranzit imkanlarının açılması və iqtisadi əməkdaşlıq təşəbbüsləri yeni regional iqtisadi model formalaşdırır. Ursula fon der Lyayenin bu prosesi dəstəkləməsi və Avropa Komissiyasının regiona əlavə maliyyə dəstəyi ayıracağını açıqlaması göstərir ki, Avropa da Cənubi Qafqazın sabit inkişafında maraqlıdır”.
Prezident İlham Əliyevin praqmatik xarici və iqtisadi siyasətinin növbəti uğuru
Azər Badamov deyib ki, Bakıda keçirilən görüşlər və səsləndirilən bəyanatlar Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici və iqtisadi siyasətin növbəti uğurudur: “Bu gün Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı deyil. Ölkəmiz enerji təhlükəsizliyinin təminatçısı, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas logistika mərkəzi, yaşıl enerji habı, regional sabitliyin aparıcı iştirakçısı və etibarlı strateji tərəfdaş kimi qəbul olunur. Əminliklə demək olar ki, Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıda verdikləri mesajlar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşıdakı illərdə daha sürətlə inkişaf edəcəyini göstərir. Bu əməkdaşlıq ölkəmizin iqtisadi potensialını daha da gücləndirməklə yanaşı, bütövlükdə Cənubi Qafqazın sabitliyinə, Avropanın enerji təhlükəsizliyinə və Avrasiya məkanında yeni iqtisadi inteqrasiyanın formalaşmasına mühüm töhfə verəcək”.
Azər Badamov Azərbaycan Avropa İttifaqıMənbə: apa.az