Azərbaycanda federasiya rəhbəri daha bir cinayətdə ittiham olunur

Azərbaycanda federasiya rəhbəri daha bir cinayətdə ittiham olunur

Tarix: 03 Jul 2026 11:11

İş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov daha bir cinayətdə ittiham olunur.

APA-nın xəbərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satmaqda ittiham olunan 11 nəfərdən biri Ceyhun Əşrəfovdur.

O və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt edərək satmaqda ittiham olunurlar.

Qeyd edək ki, Ceyhun Əşrəfov və digərlərinin ittiham olunduğu cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edir.

Həmin iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. İttihama görə, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçiriblər.

Təqsirləndirilən Ceyhun Əşrəfov Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidentidir. O, istintaq dövründə 515 min manat zərəri ödəyib və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Ötən prosesdə də təqsirləndirilən Cavid Hüseynli ziyanın bir qismini ödədiyi üçün məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustalığı ilə əvəz edilib.

Təqsirləndirilən şəxslərə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Emin Şirvanzadə Sindo-ryu və Pençak-silat Federasiyası Ceyhun Əşrəfov cinayət işi

Mənbə: apa.az

Xəbər Lenti