Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 14:16
Coğrafiya İnstitutunun direktoru Zaur İmraninin APA-ya müsahibəsi
Azərbaycanın rəsmi iqlim təsnifatında hələ də dörd fəsil mövcuddur
- İqlim dəyişmələrinin Azərbaycana təsiri ilə bağlı hansı əsas dəyişikliklər müşahidə olunur? Sanki 4 fəsil anlayışı yay və qış olmaqla 2 fəsillə əvəzlənib...
- Uzun zamandır dünyada iqlim dəyişmələri ilə bağlı araşdırmalar aparılır. İqlim dəyişmələri havanın orta temperaturunun artması ilə əlaqələndirilir. Yəni müəyyən qisim alimlər hesab edirlər ki, havanın orta temperaturunun artması iqlim dəyişmələrinin yaranmasına səbəb olur. Çünki temperatur artdıqca müəyyən ərazilərdə, regionlarda istər lokal, istər qlobal miqyasda istiləşmə müşahidə olunur. Lakin iqlim dəyişmələri atmosferdə rütubətin artmasına və hava axınlarının dəyişməsinə səbəb olduğu üçün bəzi isti və ya quraq bölgələrdə uzun illərdən sonra nadir qar hadisələri baş verir. Məsələn, 2020-ci ildə Bağdad şəhərinə, 2021-ci ildə Afrikanın şimalında yerləşən və dünyanın ən böyük tropik səhrası olan Böyük Səhra ərazisinə qar yağıb. Bu cür hadisələr iqlimin daha dəyişkən və ekstremal xarakter almasının nümunələrindən hesab olunur. İqlimşünaslar vurğulayır ki, uzunmüddətli istiləşmə fonunda qısamüddətli və lokal soyuq hava hadisələri, o cümlədən nadir qar yağıntıları baş verə bilər. Buradan belə nəticə çıxarmaq olar ki, iqlim dəyişmələrini yalnız istiləşmə ilə əlaqələndirmək düzgün deyil. Dünyanın müəyyən ərazilərində istiləşmə prosesi baş versə də, müəyyən bir hissəsində əks proses müşahidə edilir. Lakin qlobal miqyasda istiləşmə tendensiyası baş verir. Bunun baş verməsi bizi bir çox iqtisadi problemlərlə üzləşdirir. İlk illər bu hadisələr əsasən ekoloji problemlərlə əlaqələndirilirdi. Çünki istiləşmə prosesi ekosistemə təsir göstərir və bir çox ekoloji problemlərin yaranmasına gətirib çıxarır. Misal olaraq, Xəzər dənizinin suyunun geri çəkilməsini istiləşmə prosesi ilə əlaqələndirirlər. Lakin unutmaq olmaz ki, Xəzər dənizinin geri çəkilməsi və ya müəyyən dövrdə dənizin səviyyəsinin artması prosesi daim baş verib. Bu, periodik xarakter daşıyır. Hazırda Xəzər dənizi öz düşmə dövrünü yaşayır. Ümumiyyətlə, qlobal iqlim dəyişmələri mövsümi ritmin transformasiyasına səbəb olur. Bir çox regionlarda yaz və payız fəsillərinin müddəti qısalır və onların xarakterik xüsusiyyətləri zəifləyir. Nəticədə ilin gedişində iki əsas dövr – uzunmüddətli isti və quraq yay ilə nisbətən qısa, mülayim və dəyişkən qış daha qabarıq şəkildə müşahidə olunur. Azərbaycan kontekstində də son onilliklərdə yay mövsümünün daha uzun və isti keçməsi, yaz və payızın isə daha qısa və qeyri-sabit olması barədə müşahidələr mövcuddur. Bununla belə, Azərbaycanın rəsmi iqlim təsnifatında hələ də dörd fəsil mövcuddur. Fəsillər aradan qalxmayıb, sadəcə onların müddəti və xarakteri dəyişib. Lakin belə bir tendensiya kənd təsərrüfatına, su ehtiyatlarına, biomüxtəlifliyə və insanların həyat tərzinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Xəzər dənizinin səviyyəsinin artma periodik dövrü 2049-cu ildən sonra baş verə bilər
- Xəzər dənizinin öz düşmə dövrünü yaşadığını dediniz. Xəzərin səviyyəsinin azalması ilə bağlı cəmiyyətə verilən proqnozlar bəzən ziddiyyətli olur. Xəzər dənizinin səviyyəsinin azalmasına təsir göstərən amillər nələrdir?
- Coğrafiya İnstitutu Xəzər dənizi ilə bağlı uzun illərdir elmi-tədqiqat işləri aparır. Hazırda aparılan tədqiqatlar daha intensiv xarakter alıb. Həmin tədqiqatların nəticələrini müəyyən etmək üçün hər il istər Xəzər dənizinin Azərbaycan sektorunun şimal, istər mərkəzi, istərsə də cənub hissəsində müəyyən monitorinqlər aparılır. Xəzər dənizinin səviyyə tərəddüdü ilə bağlı müxtəlif ssenarilər var və bu ssenarilərə görə Xəzər dənizinin səviyyəsinin hazırkı periodik dövrünə onun səviyyəsinin düşməsi ilə əlaqədar bir çox sosial-iqtisadi və ekoloji amillər var ki, onlar bir-biri ilə sıx bağlıdır. Xəzər dənizinin səviyyəsinin çəkilməsi ilk növbədə ekoloji amillərlə - Xəzər dənizində olan heyvan və bitki aləmi ilə əlaqələndirilir. Dənizdə bitki aləmi kasadlaşıb, dənizdə olan balıqların qida rasionu azalıb. Bu da gələcəkdə daha böyük və ciddi problemlər yarada bilər. Bunun sosial-iqtisadi tərəfləri ondan ibarətdir ki, Xəzər dənizinin geri çəkilməsində dəniz təsərrüfatına ciddi ziyan dəyir. Çünki liman akvatoriyalarının dayazlaşması gəmilərin yan almasına, sahilboyu neft terminallarının fəaliyyətinə, boru kəmərlərinə, estakadalara, turizm təsərrüfatına və s. amillərə birbaşa təsir göstərir ki, bu da böyük iqtisadi itkilərə gətirib çıxara bilər.
Xəzərin ən böyük problemi su balansının təxminən 73 faizini Volqa çayından almasıdır. Hazırda isə Volqa çayının axarı boyunca çoxlu sayda istehsal obyektləri və təsərrüfat sahələri yaradıblar ki, onların da sudan istifadəsi Xəzər dənizinə axan suların bir qədər azalmasına səbəb olur. Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişmələrində havanın temperaturunun artması, bununla da əlaqədar buxarlanmanın, eləcə də küləyin sürətinin artması və istiqamətinin dəyişməsi buxarlanan hava kütlələrinin dəniz üzərindən tez daşınmasına gətirib çıxarır. Bu da Xəzər dənizinin səviyyəsinə birbaşa təsir göstərir. Lakin müntəzəm olaraq biz monitorinqlər aparırıq.
Son iki monitorinqin nəticəsini demək istərdim. Lənkəran-Astara regionunda apardığımız ilk monitorinq zamanı dəniz altındakı ağacların kötükləri üzə çıxmışdı. Bir neçə aydan sonra ikinci monitorinq zamanı isə müşahidə etdik ki, intensiv yağışlar səbəbi ilə həmin kötüklər yenidən su altında qalıb. Ancaq bu o demək deyil ki, Xəzər dənizinin səviyyəsi artıb. Sadəcə bu periodik bir dövr idi. İlkin araşdırmalara əsasən, Xəzər dənizinin səviyyəsinin artma periodik dövrü 2049-cu ildən sonra baş verə bilər. Həmin dövrə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi və bununla əlaqədar yaranan bir çox coğrafi problemlər baş verə bilər. Ona görə də ilk olaraq biz adaptasiya proqramları hazırlamalı, iqtisadiyyatımızı ona uyğun planlaşdırmalıyıq ki, daha ciddi problemlərlə üzləşməyək. Onu da bildirim ki, bəzən belə bir fikirlər səslənir ki, biz Xəzər dənizinin səviyyəsinin artırılması üçün müəyyən işlər həyata keçirməliyik. Lakin bu çox çətin və ciddi bir elmi araşdırma tələb edir. Hələ 1930–1950-ci illərdə Peçora çayı–Kama çayı sularının kanallar vasitəsilə Volqa çayı hövzəsinə gətirilməsi, Volqa çayının isə Xəzər dənizinə töküldüyünü nəzərə alaraq, Xəzər dənizinin su balansına təsir edəcəyi gözlənilirdi. Lakin bu layihənin külli miqdarda vəsait tələb etməsi və ətraf ərazilərin ekosisteminə təsir göstərə bilməsi ilə bağlı layihə öz təsdiqini tapmayıb. Çünki Xəzər dənizinin səviyyəsinin qalxma periodunda dənizə axıdılan suyun qarşısını almaq və bu prosesi hansı istiqamətdə dəyişmək ciddi müzakirələrə səbəb olub. Təkliflər çoxdur, lakin təkliflərin gələcəkdə özünü nə dərəcədə doğrultması sual altındadır.
Xəzərin səviyyəsini qısa müddətdə süni şəkildə artırmaq çox çətindir
- Bəs problemin həlli istiqamətində hansı addımlar atılmalıdır?
- Xəzərin səviyyəsini qısa müddətdə süni şəkildə artırmaq çox çətindir. Lakin hövzə üzrə koordinasiyalı tədbirlər dənizin su balansının qorunmasına kömək edə bilər. İlk növbədə Xəzərətrafı dövlətlər bir araya gələrək ciddi elmi-tədqiqat işləri aparmalıdır. Bu elmi-tədqiqat işlərinin nəticəsində Xəzər dənizinin suyunun artırılması istiqamətində hər hansı bir alternativ plan təklif edə bilərlər. Urmiya gölünün bərpası təcrübəsi bu baxımdan maraqlı nümunədir. Urmiya gölündə suyun həcminin kəskin azalmasına çay sularının kənd təsərrüfatına yönəldilməsi, quraqlıq və iqlim dəyişmələri səbəb olmuşdu. Suyun səviyyəsinin artırılması üçün gölə tökülən çayların axınının bərpası, suvarmada suya qənaət edən texnologiyaların tətbiqi, qanunsuz su götürülməsinin məhdudlaşdırılması, bəzi bəndlərdən gölə ekoloji su buraxılışının təmin edilməsi və s. təbdirlər nəzərdə tutulub. Hazırda Urmiya gölü əvvəlki vəziyyətinə qayıtmasa da, orada suyun səviyyəsi artmağa davam edir. Eyni tendensiyanı ciddi araşdırmalar aparmaqla Xəzər dənizinə də tətbiq etmək olar. Xəzər dənizi üçün mümkün tədbirlərə biz Volqa çayı hövzəsində su ehtiyatlarının səmərəli idarə edilməsini, Xəzər dənizinə tökülən digər çayların ekoloji axınının saxlanılmasını, suvarmada su itkilərinin azaldılmasını, hövzə ölkələri arasında birgə idarəetmə sisteminin yaradılmasını aid edə bilərik.
İntensiv yağışlar zamanı subasma hadisəsinin qarşısını almaq bir qədər çətindir, hətta bunu Avropanın inkişaf etmiş ölkələrində də görürük
- Azərbaycanda bəzən qısa zamanda normadan dəfələrlə artıq yağıntıların düşdüyünü müşahidə edirik. Həmçinin mövsümə xas olmayan küləkli hava şəraiti də müşahidə edilir. Əsasən də əksər vaxtlarda həftəsonları hava şəraiti kəskin dəyişir. Bu iqlim dəyişkənliyinin nəticəsidir, yoxsa lokal hava hadisəsidir?
- Qlobal istiləşmə fonunda bəzi illər daha sərin, bəziləri isə daha isti keçə bilir. Bu təbii dəyişkənlik uzunmüddətli proqnozlarda qeyri-müəyyənlik yaradır. Hava şəraiti ilə bağlı baş verən iqlim dəyişmələri lokal yox, qlobal xarakter daşıyır. Dünyanın müxtəlif ölkələrində bu proses baş verir. Məsələn, leysan yağışları nəticəsində Avropanın bir sıra şəhərlərində subasma hadisəsi baş verir. Bu o demək deyil ki, kəskin hava şəraiti yalnız bizdədir. Qlobal iqlim dəyişməsi müxtəlif regionlarda olduğu kimi bizə də təsir göstərir. Lakin iqlimlə bağlı hər hansı proqnozun verilməsi hələlik mümkün deyil. Belə ki, elmdə proqnoz gələcəyin dəqiq təsviri deyil, müəyyən ssenarilər altında ən ehtimal olunan nəticələrin hesablanmasıdır.
Normadan artıq yağan yağışlar ilk növbədə şəhərlərə, şəhər təsərrüfatına ciddi ziyan vurur. Bunun olmaması üçün şəhər təsərrüfatı elə qurulmalıdır ki, bu suların idarə olunması sistemi elə aparılmalıdır ki, hər hansı ərazidə subasma hadisəsi yaratmasın. Misal olaraq, avtomobil yolları, tunellər, bəzi yaşayış yerləri və obyektlər yağış yağan kimi su altında qalır. Bununla bağlı Coğrafiya İnstitutunda CİS texnologiyasının tətbiqi ilə geniş araşdırma işləri aparılır və lokal ərazilər müəyyən olunur.
Onu qeyd edim ki, intensiv yağışlar zamanı yaranan subasma hadisəsinin qarşısını almaq bir qədər çətindir. Hətta bu prosesi Avropanın inkişaf etmiş ölkələrində də izləyə bilirik. Avropanın müəyyən şəhərləri var ki, leysan yağışları zamanı subasma hadisələri baş verir. Bu təbii hadisədən heç bir şəhər sığortalanmayıb. Çünki müəyyən normalar daxilində şəhərsalma işləri aparılır. Tullantı sularının axıdılması da müəyyən normalar çərçivəsində qurulur. Sadəcə yağan yağışın normadan bir neçə dəfə artıq olması subasma proseslərini intensivləşdirir. Biz onu əyani olaraq görürük. Şəhərlərdə həmin prosesin daha sürətlə baş verməsinin bir çox səbəbləri var. Ən əsas səbəb şəhər infrastrukturudur. Yeni binaların tikintisi, yeni yollarda asfalt örtüyünün artması və səkilərin asfaltlanmasıdır. Həmin ərazidə olan torpaq qatı yağan yağışı hopdura bilmir. Su istər-istəməz meyilli, bir qədər çökək ərazilərə axmağa başlayır. O axıntı nəticəsində də həmin ərazilərdə subasma prosesini izləyirik. Coğrafi informasiya sistemləri ilə şəhərdə lokal yığışan yağış sularının yerləri müəyyən olunmalı, yağan dövrdə onların oradan yığılması və həmin ərazidə toplanıb qalmaması üçün müəyyən tədbirlər görməliyik. Bu halda tam da olmasa, böyük ölçüdə hər hansı həllə nail ola bilərik.
Su basan evlərin əksəriyyəti isə bataqlıq və çökək ərazilərin üzərində inşa edilib. İntensiv yağışlar yağanda isə qrunt suları səthə çıxır və evlər çökək ərazidə inşa olduğu üçün su altında qalır. Məhz mənzərəyə aldanıb, tikinti qaydalarına uyğun olmayan yerlərdə evlərin inşası problemlərlə nəticələnir. Elə meyilli ərazilər var ki, orada ümumiyyətlə tikinti işləri aparmaq qadağandır. Yol tikintisində də bəzi problemlər var. Yol tikintisində yamac boyu kəskin relyef şəraitində tikinti işləri aparılır və daha sonra əlavə beton inşa edilir. Halbuki beton qurğular daha kəskin və həcmli yamacları saxlaya bilmir.
- Güclü yağışların artması kənd təsərrüfatına necə təsir edir? Torpaq eroziyası və məhsuldarlıq baxımından hansı risklər var?
- Güclü və intensiv yağıntıların artması kənd təsərrüfatına həm qısamüddətli, həm də uzunmüddətli mənfi təsirlər göstərir. Ən ciddi problemlər torpaq eroziyası, münbitliyin azalması və məhsuldarlığın aşağı düşməsi ilə əlaqədardır. Buna görə torpaq mühafizəsi tədbirlərinin və iqlimə uyğun kənd təsərrüfatı praktikalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Yağışların intensivləşməsi və dolu hadisələrinin artması bir çox regionlarda müşahidə olunur. Onlar kənd təsərrüfatına ciddi ziyan vurur. Bu hadisələrin daha intensiv xarakter alması, yağışların normadan artıq yağması kənd təsərrüfatı məhsullarına birbaşa təsir göstərir. Bu təbiət hadisələrinə qarşı hər hansı bir qabaqlayıcı tədbirin görülməsi mümkün deyil. Ancaq problemin həlli yolları var. Məsələn, həmin yağış sularını müəyyən anbarlarda yığıb, yayın isti, yağıntısız günlərində kənd təsərrüfatında, əkin sahələrinin suvarılmasında istifadə edə bilərik. Şəhər təsərrüfatında isə parkların, kolluqların suvarılmasında istifadə oluna bilər. Sadəcə bu bir az bahalı sistemdir, bir qədər çox vəsait tələb edir. Lakin hər bir halda problemin ən effektiv yolu budur.
Azərbaycanda quraqlıq və səhralaşma ciddi ekoloji problemlərdən birinə çevrilib
- Son illərdə həm quraqlıq, həm də güclü yağıntılar müşahidə olunur. Bu ziddiyyətli görünən prosesləri elm necə izah edir?
- 1970-1980-ci illərdə Azərbaycanda əsasən quraqlıq hadisəsini və səhralaşma prosesi daha çox öyrənilirdi. Müasir dövrümüzdə də bu istiqamətdə tədqiqatlar aparılır. Azərbaycanda quraqlıq və səhralaşma son onilliklərdə daha qabarıq ekoloji problemlərdən birinə çevrilib. Bu proseslərin əsas səbəbləri iqlim dəyişmələri ilə yanaşı, su ehtiyatlarının azalması, torpaqlardan qeyri-səmərəli istifadə və antropogen təsirlərdir. Çünki Azərbaycan coğrafi mövqeyinə görə yarımsəhra və quru subtropik iqlim qurşağında yerləşdiyindən quraqlığa təbii meyillidir. Lakin qlobal iqlim dəyişmələri bu prosesi sürətləndirir. Xüsusilə, Kür-Araz ovalığı və Abşeron yarımadası kimi quraq ərazilərdə su çatışmazlığı, torpaq deqradasiyası və səhralaşma riski daha da artır. Bu prosesi yalnız yağışlarla əlaqələndirmək doğru deyil. Quraqlığın yaranması orta illik hava temperaturunun artması, yay mövsümünün uzanması və isti dalğalarının intensivləşməsi, buxarlanmanın artması və s. amillərlə bağlıdır.
Buzlaqların sahəsi son 30 ildə hardasa 3.5-4 dəfə azalıb
- Azərbaycanın regionları üzrə iqlim dəyişmələrinə həssas ərazilər hansılardır?
- İqlim dəyişmələrinə ən həssas ərazilər dağlıq ərazilərdir. İqlim dəyişməsi ilə əlaqədar temperaturun artması birbaşa buzlaqlara təsir edir. Buzlaqların sahəsi son 30 ildə hardasa 3.5-4 dəfə azalıb. İqlimin istiləşmə prosesini buzlaqların sahəsinin azalmasına görə konkret müəyyən edə bilərik. Amma ən həssas nöqtələr deyəndə təbii proseslər və antropogen müdaxilələri - insanların hər hansı bir təsərrüfat və istehsal sahəsi yaratmasını nəzərə almalıyıq. Çünki təbii prosesin daha sürətlə intensivləşməsi üçün ona təsir göstərən amil insandır. Ən həssas ərazilər iri şəhərlərdir. Ancaq sürüşmə, uçqun hadisələrini, daşqınları dağətəyi ərazilərdə daha çox müşahidə edirik. Bu hadisələr bir-birindən fərqlənir. Ona görə də konkret olaraq hansı ərazinin daha həssas olduğunu deyə bilmirik.
- İşğaldan azad olunmuş ərazilərin coğrafi və ekoloji baxımdan öyrənilməsi istiqamətində hansı işlər aparılır? Həmin ərazilərdə ekoloji vəziyyətin bərpası üçün hansı elmi yanaşmalar təklif olunur?
- Coğrafiya İnstitutu Qarabağ və Şərqi Zəngəzurda 5 ildir tədqiqatlar aparır. İşğalda olduğu müddətdə iqlim göstəricilərinin məlumatlarını ala bilmədiyimiz üçün biz aerokosmik tədqiqatlara müraciət etmişdik. Hazırda da müəyyən metodika əsasında iqlim göstəricilərini bərpa edə bilirik. Bununla bağlı geniş tədqiqat işlərimiz var. İnstitutun bütün şöbə və laboratoriyalarında bu tədqiqatlar aparılıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərə ekspedisiyalar təşkil etmişik. Ekspedisiyalar zamanı daha əyani yığılan məlumatlar əsasında hesabatlar yazılıb. Bu istiqamətdə iki beynəlxalq konfrans keçirilib və bir monoqrafiya işıq üzü görüb.
Qarabağ və Şərqi Zəngəzurda yeni inşa edilən evlərdə günəş panellərinin olması və alternativ enerjidən istifadə geniş vüsət alıb. Yeni istehsal sahələri yaradılıb, əsas etibarilə aqrar sahənin və turizm təsərrüfatının inkişaf etdirildiyini görə bilirik. Xidmət infrastrukturu beynəlxalq tələblərlə qurulur. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl iqtisadiyyat” tətbiq olunur ki, bu da müasir dünyada sosial-iqtisadi və ekoloji inkişafın ən əsas şərtlərindən biri kimi qəbul olunur. İnkişaf etmiş ölkələrdə yeni təsərrüfat sistemi yaradıldıqda orada “yaşıl iqtisadiyyat” tətbiq olunur. Biz bunun nümunəsini Qarabağ və Şərqi Zəngəzurda görə bilərik.
Əvvəllər Lənkəran-Astara regionunda təbii artım daha çox idi, lakin son illər Aran rayonlarında təbii artım daha çoxdur
- Azərbaycanda əhali artımının dinamikasını necə qiymətləndirirsiniz?
- Təbii artım tək Azərbaycanın deyil, dünyanın ən böyük problemidir. Təbii artımın gələcəkdə yarada biləcəyi fəsadları indi görmürük. Biz onu 15-20 ildən sonra görə bilərik. Azərbaycanda əhali artımının dinamikasını qiymətləndirərkən demək olar ki, əhalinin sayı artmaqda davam etsə də, artım tempi əvvəlki onilliklərlə müqayisədə zəifləyib. Bu dəyişiklik doğum səviyyəsinin azalması, əhalinin yaş strukturunun dəyişməsi və miqrasiya prosesləri ilə əlaqədardır. Hazırda Azərbaycan miqyasında təbii artım azalıb, bu bir faktdır. Təbii artımın az olduğu bir çox Avropa ölkələri əsas etibarilə miqrantlara müraciət edir və onların hesabına nisbətən də olsa təbii artımı və demoqrafik balansı qoruyub saxlaya bilirlər. Lakin bunun nə qədər davam edəcəyi məlum deyil. Regionlar üzrə təbii artım həmişə fərqli olub. Bu proses eyni tempdə gedə bilmir. Misal olaraq, əvvəllər Lənkəran-Astara regionunda təbii artım daha çox idi, lakin son illər Aran rayonlarında təbii artım daha çoxdur.
Coğrafi-demoqrafik baxımdan Azərbaycan üçün xarakterik xüsusiyyət belədir: əhali artımı əsasən təbii artım hesabına formalaşır, miqrasiya isə daha çox əhalinin ərazi üzrə yenidən paylanmasına təsir göstərir. Son illərdə doğum səviyyəsinin azalması təbii artım tempini zəiflətsə də, xarici miqrasiya hələlik ümumi demoqrafik dinamikanı müəyyən edən başlıca amil hesab edilmir. Buna görə demoqrafik siyasətdə doğumun təşviqi, regionlarda məşğulluğun artırılması və daxili miqrasiyanın balanslaşdırılması mühüm istiqamətlər kimi qiymətləndirilir.
Günay Elşən Zaur İmrani iqlim dəyişmələri fəsillər ekoloji problemlər Xəzər dənizi Volqa çayı Qarabağ Şərqi Zəngəzur Lənkəran-Astara Aran rayonları Coğrafiya İnstitutu əhali artımı miqrantlarMənbə: apa.az