Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 16:19
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib. Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb. Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib. Görüşdə həmçinin Kiyevdəki Səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.
Firuzə Vahid Xarici İşlər Nazirliyi XİN səfir Rusiya Moskva notaMənbə: apa.az