Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 21:39
“Qatar Airways” aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
APA xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.
Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.
Mənbə: apa.az