Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq

Tarix: 07 Jul 2026 12:35

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kraudfanding platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə edilir, hüquqi şəxslər üç min manatdan dörd min manatadək cərimələnəcək.

Kraudfanding platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslərə və ya onlar beş yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunacaq.

Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimələnəcək.

Kradufanding sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna təklif olunan dəyişikliyə görə, kraudfandinq platformalarının operatorları öhdəlik daşıyan şəxslər siyahısına daxil ediləcək və nəzarət (monitorinq) tədbirlərinə cəlb olunacaqlar.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Firuzə Vahid Kraudfandinq cərimə

Mənbə: apa.az

Xəbər Lenti