Çərşənbə axşamı, 7 İyul, 2026
Tarix: 07 Jul 2026 13:21
Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan qanun layihəsi ölkəyə idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik göstəricilərinə görə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmasını təmin etməyi nəzərdə tutur.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.
Ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınmaqla, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə 24 ay keçid dövrü nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Firuzə Vahid Qeyri-qida istehlak mal idxal nəzarətMənbə: apa.az