Çərşənbə axşamı, 7 İyul, 2026
Tarix: 07 Jul 2026 14:00
Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi Enerji Effektivliyi Fndunun vəsaiti hesabına maliyyələşdiriləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, həmçinin fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi də Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək.
Qeyd edilib ki, qanun layihəsi enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib.
“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi” Nazirlər Kabinetinin 9 iyun 2026-cı il tarixli 168 nömrəli Qərarı ilə təsdiqlənib, hazırda Enerji Effektivliyi İnformasiya Sistemi üzrə texniki və institusional işlər tamamlanaraq məlumatların toplanması və sistemə daxil edilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.
Firuzə Vahid Enerji Effektivliyi İnformasiya Sistemi Enerji Effektivliyi Fondu
Mənbə: apa.az