Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 12:43
“IV Şuşa Qlobal Media Forumunun ilk sessiyası olduqca təsirli keçdi. Azərbaycan Prezidenti İlham Əliyev sessiyada şəxsən iştirak edərək bütün sualları səbirlə cavablandırdı, həm regional, həm də beynəlxalq məsələlərə toxundu”. APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat katibinin ofisinin direktoru Mariah Atiq deyib. O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyanın orta güclərindən birinə çevrilməsi istiqamətində nümayiş etdirdiyi liderlik onda dərin təəssürat yaradıb. “Azərbaycan Prezidentinin region ölkələrini bir araya gətirmək istiqamətində oynadığı rol həqiqətən də təqdirəlayiqdir.
Qarabağ bölgəsinə səfər etmək imkanına malik olduğum üçün isə çox şadam. İşğaldan azad olunmuş əraziləri yaxından görmək imkanım olmamışdı. Burada olmaq mənim üçün həm mənalı, həm də dəyərli təcrübədir. IV Şuşa Qlobal Media Forumunun iştirakçısı olmaqdan böyük məmnunluq və həyəcan hissi keçirirəm. Hesab edirəm ki, forum çox yüksək səviyyədə təşkil olunub. Bu münasibətlə təşkilatçıları səmimi qonaqpərvərliklərinə və yüksək təşkilatçılıqlarına görə təbrik edirəm Prezident İlham Əliyevə Pakistan rəhbərliyi haqqında söylədiyi xoş sözlərə və Pakistanın İran ilə ABŞ arasında sülhün təşviqi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiyinə görə səmimi təşəkkürümü bildirirəm. Pakistan bundan sonra da sülh təşəbbüslərinə öz töhfəsini verməyə davam edəcək və ölkəmiz, eləcə də rəhbərliyimiz haqqında səsləndirilən bu fikirləri yüksək qiymətləndiririk”, – Mariah Atiq bildirib.
Gülcahan İmanqızıMənbə: apa.az