Prezident: Qazaxıstanla fəal əməkdaşlıq olmadan Xəzər regionunda nəqliyyat layihəsi həyata keçirmək mümkün deyil

Prezident: Qazaxıstanla fəal əməkdaşlıq olmadan Xəzər regionunda nəqliyyat layihəsi həyata keçirmək mümkün deyil

Tarix: 13 Jul 2026 11:54

Azərbaycan və Qazaxıstan arasında fəal əməkdaşlıq olmadan Xəzər regionunda heç bir nəqliyyat layihəsini həyata keçirmək mümkün deyil.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyan Uşaq Yaradıcılıq Mərkəzini Kasım-Jomart Kemeleviçlə birlikdə açmışdıq. Azad olunmuş ərazilərin bərpasına göstərdiyi dəstəyə görə qardaş qazax xalqına dərin minnətdarlığımızı bildiririk. Əlbəttə, Prezident Kasım-Jomart Tokayevlə şəxsi münasibətlərimiz həm ikitərəfli əməkdaşlıq, həm də regional tərəfdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Gündəliyimiz olduqca genişdir və biz çox sıx əməkdaşlıq edirik. Xəzərin iki sahilində yerləşən ölkələr olaraq, Azərbaycan və Qazaxıstan arasında fəal əməkdaşlıq olmadan Xəzər regionunda heç bir nəqliyyat layihəsini həyata keçirmək mümkün deyil. İnfrastrukturun yaradılması və genişləndirilməsi istiqamətində işlərin paralel şəkildə aparılmasından məmnunuq. Azərbaycanla bağlı artıq danışdım. Bilirəm ki, Qazaxıstanda da liman infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər görülür”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, hazırda Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə birgə əməkdaşlıq formatı fəaliyyət göstərir: “Bu çərçivədə tarif siyasəti, rəqəmsallaşma, gömrük prosedurlarının sadələşdirilməsi və bir sıra digər mühüm məsələlər müzakirə olunur və həll edilir. Həmçinin Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair saziş imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Eyni zamanda Azərbaycan və Qazaxıstan ikitərəfli əsasda fiber optik kabelinin çəkilməsi layihəsini həyata keçirirlər. Bu kabel Qazaxıstanı Azərbaycanla birləşdirəcək və gələcəkdə daha geniş coğrafiyanı əhatə edərək rəqəmsallaşma, süni intellekt, məlumat bazalarının inkişafı və digər sahələr üçün mühüm rol oynayacaq. Qazaxıstan neftinin müəyyən həcmlərdə Azərbaycan ərazisi vasitəsilə nəqlinə də başlanılıb. Beləliklə, regionun iki ölkəsi bir çox istiqamətlərdə sıx əməkdaşlıq edir. Prezident Tokayevin rəhbərliyi ilə Qazaxıstanın əldə etdiyi uğurlara da sevinirik. Bu yaxınlarda qədim Türküstan şəhərinə səfər etmək imkanım oldu və orada tarixi irsin necə qorunması, böyük əcdadların xatirəsinə göstərilən ehtiram məndə dərin təəssürat yaratdı. Münasibətlərimizin uğurla inkişaf etməsindən çox məmnunam və qardaş Qazaxıstan xalqına yeni uğurlar arzulayıram”.

Mənbə: apa.az

Xəbər Lenti