Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 17:11
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Cənubi Qafqazda son illərdə baş verən fundamental dəyişikliklərin mahiyyətini və regionun gələcək inkişaf trayektoriyasını aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, artıq Cənubi Qafqaz beş il əvvəlki region deyil və burada yeni geosiyasi reallıqlar formalaşıb. Bu fikirlər təkcə mövcud vəziyyətin təsviri deyil, həm də beynəlxalq ictimaiyyətə regiona yanaşmanın dəyişdirilməsi ilə bağlı mühüm mesajdır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
İkinci Qarabağ müharibəsi Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişdi
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri İkinci Qarabağ müharibəsinin Cənubi Qafqaz üçün dönüş nöqtəsi kimi qiymətləndirilməsidir: "Həqiqətən də, 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi zəfər olmadı. Bu qələbə regionda onilliklər ərzində formalaşdırılmış geosiyasi stereotipləri dağıtdı, beynəlxalq münasibətlər sistemində Cənubi Qafqaza baxışı dəyişdirdi və yeni siyasi balans yaratdı. Sonrakı mərhələdə Azərbaycanın suverenliyinin tam bərpası isə bu prosesi tamamladı."
Onun sözlərinə görə, uzun illər regionla bağlı formalaşdırılmış yanaşmalar daha çox işğal faktına və süni şəkildə saxlanılan status-kvoya əsaslanırdı: "Bu gün həmin status-kvo yoxdur. Azərbaycan beynəlxalq hüququ təmin edib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Təbii ki, belə şəraitdə köhnə yanaşmaların davam etdirilməsi mümkün deyil. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cənubi Qafqaza dair əvvəlki metodologiyalar artıq köhnəlib”.
Azərbaycan regionda yeni güc mərkəzi kimi qəbul olunur
Soltan Məmmədov deyib ki, Prezident İlham Əliyevin "yeni güc mərkəzləri formalaşıb" fikri regional siyasətin bugünkü reallığını ifadə edir: “Azərbaycan son illərdə həyata keçirdiyi müstəqil siyasət, iqtisadi inkişaf, hərbi gücünün möhkəmləndirilməsi, enerji təhlükəsizliyinə verdiyi töhfələr və nəqliyyat-logistika imkanları sayəsində regionun aparıcı aktoruna çevrilib. Bu gün ölkəmiz Cənubi Qafqazın əsas siyasi, iqtisadi və kommunikasiya mərkəzlərindən biridir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ildən-ilə güclənir. Eyni zamanda Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın mövqeyi əvəzolunmazdır. Bu amillər yeni regional güc balansının əsas elementlərindəndir”.
Regiona münasibətdə ikili standartlar uğursuz siyasətdir
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Qərbin bəzi dairələrinin Ermənistana münasibətdə nümayiş etdirdiyi birtərəfli yanaşma ilə bağlı fikirləri tam əsaslıdır:
“Azərbaycan dəfələrlə bəyan edib ki, Cənubi Qafqaz dövlətləri arasında süni siyasi fərqləndirmə yaratmaq, region ölkələrindən birini digərlərinə qarşı geosiyasi alətə çevirmək cəhdləri heç vaxt sabitliyə xidmət etməyəcək. Təəssüf ki, bəzi xarici dairələr regionun real iqtisadi potensialını və siyasi imkanlarını deyil, öz geosiyasi maraqlarını əsas götürərək yanaşmalar formalaşdırmağa çalışırlar. Ermənistanın regionun əsas nəqliyyat qovşağı kimi təqdim olunması da məhz bu cür siyasi yanaşmaların nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, tranzit imkanları olmayan, real nəqliyyat infrastrukturu formalaşdırmayan bir ölkənin regionun əsas logistika mərkəzi kimi təqdim edilməsi iqtisadi məntiqə deyil, siyasi məqsədlərə söykənirdi. Reallıq isə tamamilə fərqlidir və beynəlxalq tərəfdaşlar bunu artıq daha aydın görürlər”.
Azərbaycanın xarici siyasəti geosiyasi qarşıdurmaya deyil, əməkdaşlığa əsaslanır
Soltan Məmmədov bildirib ki, Prezident İlham Əliyevin çıxışının ən mühüm məqamlarından biri Azərbaycanın müstəqil xarici siyasət kursunun növbəti dəfə təsdiqlənməsi oldu: “Azərbaycan heç vaxt hansısa dövlətə qarşı platformaya çevrilməyib və çevrilməyəcək. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmiz xarici qüvvələrin geosiyasi oyunlarının iştirakçısı olmayıb. Bu prinsip Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Çünki tərəfdaşlarımız yaxşı bilirlər ki, Azərbaycan əməkdaşlıq etdiyi bütün dövlətlərlə qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında münasibətlər qurur. Məhz bu siyasət nəticəsində Azərbaycan həm Qərb, həm Şərq, həm də region ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri formalaşdıra bilib”.
Regional əməkdaşlıq üçün yeni formatların yaradılması zəruridir
Deputat Prezident İlham Əliyevin regional əməkdaşlıq platformaları ilə bağlı fikirlərini də yüksək qiymətləndirib: “Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş regional əməkdaşlıq modeli bu gün də aktuallığını qoruyur. Regionun problemləri ilk növbədə region dövlətlərinin iştirakı ilə müzakirə olunmalıdır. Bu, həm məsuliyyət bölgüsünü, həm də qəbul edilən qərarların effektivliyini artırır. Prezident İlham Əliyevin qeyd etdiyi beştərəfli və perspektivdə altıtərəfli əməkdaşlıq modeli regional təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verə bilər. Burada əsas məqsəd hansısa yeni vasitəçilik mexanizmi yaratmaq deyil. Söhbət iqtisadi əməkdaşlıqdan, nəqliyyat əlaqələrinin inkişafından, təhlükəsizlik məsələlərinin müzakirəsindən və qarşılıqlı etimadın gücləndirilməsindən gedir”.
Sülh müqaviləsi regionun inkişafı üçün yeni imkanlar açacaq
Soltan Məmmədov qeyd edib ki, Azərbaycan Ermənistanla sülh gündəliyinə sadiq qalmaqda davam edir və bu istiqamətdə irəli sürdüyü təşəbbüslər beynəlxalq hüquqa əsaslanır: “Prezident İlham Əliyevin vurğuladığı kimi, normallaşma prosesi başa çatdıqdan, nəqliyyat kommunikasiyaları, o cümlədən Zəngəzur dəhlizi və digər marşrutlar açıldıqdan sonra Cənubi Qafqaz tamamilə yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bu, təkcə region ölkələrinin deyil, daha geniş coğrafiyanın iqtisadi inkişafına müsbət təsir göstərəcək. Hazırkı mərhələdə ən vacib məsələ region dövlətlərinin real potensialının obyektiv qiymətləndirilməsi və geosiyasi rəqabət yanaşmalarından imtina edilməsidir”.
"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazın gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görür. Dövlətimizin siyasətinin əsas məqsədi regionun təhlükəsizlik, iqtisadi inteqrasiya və qarşılıqlı etimad məkanına çevrilməsidir. Bu yanaşma həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlığın inkişafı baxımından ən rasional və perspektivli modeldir. Məhz buna görə də Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlar təkcə region dövlətləri üçün deyil, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən bütün beynəlxalq tərəfdaşlar üçün mühüm siyasi istiqamət kimi qiymətləndirilməlidir."
Soltan Məmmədov Prezident İlham Əliyev Şuşa Forumu Cənubi Qafqaz
Mənbə: apa.az