Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 11:33
Azərbaycanla Slovakiya arasında son illər ərzində çox güclü tərəfdaşlıq yaradılıb.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib ki, müzakirə edilən məsələlər arasında ənənəvi məsələlər üstünlük təşkil edib: "Ticari-iqtisadi əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılıb. Nümayəndə heyətlərinin üzvləri də daim təmasdadırlar”. Prezident İlham Əliyev konkret işlərin tərəfdarı olduqlarını vurğulayıb: "Hər iki tərəf münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılıb. Onu da bildirməliyəm ki, Peter Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Slovakiyada olan yüksək vəzifəli şəxslər arasında birinci şəxsdir ki, əvvəlki vəzifədə də - Həm parlamentin sədri, həm Baş nazir, həm Prezident kimi Azərbaycana səfər edib. COP-29-da iştirak edib, bu gün də rəsmi səfərlə Azərbaycandadır”.
Mənbə: apa.az