Sahibə Qafarova Qətərə səfər edib, vəfat edən sabiq Əmirlə bağlı Prezidentin başsağlığını çatdırıb - YENİLƏNİB-1

Sahibə Qafarova Qətərə səfər edib, vəfat edən sabiq Əmirlə bağlı Prezidentin başsağlığını çatdırıb - YENİLƏNİB-1

Tarix: 15 Jul 2026 11:24

İyulun 14-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkəyə səfər edib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində spiker Sahibə Qafarova Qətər Dövlətinin Əmiri Zati-aliləri Şeyx Təmim bin Həməd Al Taninin Lusail Sarayında keçirdiyi başsağlığı qəbulunda iştirak edib.

Milli Məclisin sədri Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə edib, Azərbaycan xalqının dərin hüzn və ehtiramını çatdırıb.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, parlamentin Qətər ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Rzayev, işçi qrupunun üzvü Kəmaləddin Qafarov və digər rəsmi şəxslər daxildir.

***

14 iyul, saat 16.48

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfərə gedib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə Doha şəhərinə səfər edib.

Dohanın beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

14 iyul, saat 11.06

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən son iclasında sədr Sahibə Qafarova iştirak etmir.

APA xəbər verir ki, parlamentin I vitse-spikeri Əli Əhmədov Sahibə Qafarovanın Qətərin sabiq Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin dəfn mərasimində iştirak üçün bu ölkədə səfərdə olduğunu bildirib.

Firuzə Vahid Sahibə Qafarova Qətər sabiq əmirinin dəfn mərasimiMilli Məclisin sədri Sahibə Qafarova Qətərə səfərə gəlib

Mənbə: apa.az

Xəbər Lenti