Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib

Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib

Tarix: 16 Jul 2026 11:38

Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə "Azərbaycanın orta güc statusu və Cənubi Qafqazda yeni geosiyasi reallıq: Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili" mövzusunda ekspert müzakirəsi keçirilib.

APA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, siyasi analitiklər, beynəlxalq münasibətlər üzrə ekspertlər və media nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı qeyd olunub ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mesajlar Azərbaycanın müasir xarici siyasət prioritetlərini, milli maraqlara əsaslanan strateji kursunu və dəyişən beynəlxalq münasibətlər sistemində ölkəmizin artan rolunu əks etdirir. İştirakçıların ümumi qənaətinə görə, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanında “orta güc” rolunda çıxış edir, siyasi, iqtisadi və nəqliyyat proseslərinə təsir göstərən mühüm aktorlardan birinə çevrilib.

Ekspertlər qeyd ediblər ki, müasir beynəlxalq münasibətlər sistemində orta güc anlayışı orta güc statusu, ilk növbədə, regional və beynəlxalq proseslərə təsir etmək, müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş kimi çıxış etmək, vasitəçilik və təşəbbüskarlıq nümayiş etdirmək, eləcə də milli maraqları müstəqil şəkildə müdafiə etmək qabiliyyəti ilə müəyyən olunur.

Müzakirələrdə vurğulanıb ki, Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlar prinsipi əsasında quraraq heç bir geosiyasi blokun alətinə çevrilmədən müstəqil siyasət həyata keçirir. Bu yanaşma Azərbaycanın həm Şərq, həm Qərb, həm də Şimal və Cənub istiqamətlərində etibarlı tərəfdaş kimi qəbul edilməsinə imkan yaradıb.

Ekspertlərin fikrincə, orta güc dövlətlərinin əsas xüsusiyyətlərindən biri böyük güclərlə münasibətlərdə öz milli maraqlarını və suveren qərarvermə hüququnu qoruya bilmələridir. Azərbaycan da məhz bu xüsusiyyəti ilə fərqlənir. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qorumaqla yanaşı, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modeli formalaşdırıb. Bu siyasət Azərbaycanın xarici təsirlərdən asılı olmayan qərarlar qəbul etməsinə, regional təşəbbüslərin müəllifi kimi çıxış etməsinə və beynəlxalq gündəliyin formalaşmasına real töhfələr verməsinə şərait yaradıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın orta güc statusunu yalnız nəzəri konsepsiya deyil, konkret siyasi, iqtisadi və diplomatik nəticələrlə təsdiqləyən praktik modelə çevirib. Bu gün Azərbaycan təhlükəsizlik, enerji, logistika, yaşıl transformasiya və regional əməkdaşlıq məsələlərində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və məsuliyyətli beynəlxalq aktor kimi qəbul edilir. Bu reallıq isə ölkənin həm regional, həm də qlobal səviyyədə nüfuzunu və strateji əhəmiyyətini davamlı şəkildə artırır.

Ekspertlər bildiriblər ki, 2020-ci ildən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq regionun inkişafı üçün yeni imkanlar yaradıb. Qeyd olunub ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan bölgədə yaranmış yeni vəziyyəti daha geniş coğrafi məkanı əhatə edə bilən əməkdaşlıq platformasına çevirməyə çalışır. Bu kontekstdə ölkəmiz regional sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və uzunmüddətli sülhün təmin olunmasına xidmət edən nəqliyyat-kommunikasiya, enerji və ticarət layihələrinin təşəbbüskarı kimi çıxış edir. İştirakçılar vurğulayıblar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də regiondaxili kommunikasiyaların açılması yalnız Cənubi Qafqaz ölkələrinin deyil, daha geniş Avrasiya məkanının iqtisadi və geosiyasi əlaqələrinin güclənməsinə xidmət edir.

Müzakirələrdə xüsusi olaraq qeyd olunub ki, Azərbaycanın strateji yanaşması Cənubi Qafqazı geosiyasi qarşıdurma və rəqabət məkanına deyil, qarşılıqlı etimada, mehriban qonşuluq münasibətlərinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan bir regiona çevirməkdir. Bu baxımdan Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajların əsas mahiyyəti region dövlətlərinin təhlükəsizliyinin və rifahının yalnız əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüququn fundamental prinsiplərinə riayət olunması əsasında təmin edilə biləcəyini bir daha nümayiş etdirir.

Ekspertlərin ümumi qənaətinə görə, beynəlxalq və regional aktorlar Cənubi Qafqazda 2020-ci ildən sonra yaranmış yeni siyasi-hüquqi reallığı qəbul etməli, region dövlətlərinin suverenliyinə və daxili işlərinə hörmətlə yanaşmalıdırlar. Bildirilib ki, xarici müdaxilə cəhdləri və geosiyasi rəqabətin regiona transferi sabitliyə xidmət etmir. Əksinə, Cənubi Qafqazın gələcəyi region ölkələrinin öz məsuliyyəti əsasında qurulan dialoq, əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən münasibətlər sistemindən keçir.

Müzakirələrin yekununda qeyd olunub ki, Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlar Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiə olunduğunu, balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun uğurla davam etdirildiyini, ölkənin beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin ardıcıl şəkildə artdığını bir daha nümayiş etdirir. İştirakçılar bu yanaşmanın Azərbaycanın regional sabitliyin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verdiyini vurğulayıblar.

Müzakirələrdə Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov, Milli Məclisin deputatları Rizvan Nəbiyev, Elçin Mirzəbəyli, Azər Allahveranov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, politoloq Zaur İbrahimli, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, siyasi tədqiqatçı Əhməd Əlili, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, dosent Mürtəza Həsənov, “Xalq qəzeti”nin siyasi analitiki, dosent Şəbnəm Zeynalova, Bakı Dövlət Universitetinin dosenti Fərhad Hüseynov, iqtisad üzrə fəlsəfə doktoru (UNEC) Emin Qəribli, iqtisadçı ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elşan Əhmədov, iqtisadçı ekspert Samir Heydərov, hüquqşünas Aynur Alışanova, siyasi şərhçi Elmira Talıbzadə və digər şəxslər iştirak ediblər.

Mənbə: apa.az

Xəbər Lenti