Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 12:11
Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşıdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Rusiyaya qarşıdan gələn rəsmi səfəri ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda durmadan inkişaf edir: “Gündəlik əməkdaşlığımız bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaq prinsipləri üzərində qurulub. Hazırda iki ölkə 150-dən çox beynəlxalq hüquqi sənəd imzalayıb. Rusiya tərəfi 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin potensialını tam şəkildə həyata keçirməyə sadiqdir. Moskva və Bakı ali və ən yüksək səviyyələrdə müntəzəm və etibarlı dialoq aparır. Martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Rusiyanın Baş naziri Mixail Mişustin və Azərbaycan Baş naziri bu il iki telefon danışığı aparıblar”. Rusiya XİN-dən iki ölkə arasında hökumətlər və parlamentlər səviyyəsində əlaqələrin yüksək səviyyədə olduğu da bildirilib. “Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirən "3+3" Regional Əməkdaşlıq Platforması əhəmiyyətli potensiala malikdir. Bu mexanizm istənilən regional məsələ və çətinliklərin dağıdıcı xarici müdaxilə olmadan region ölkələrinin özləri və qonşuları tərəfindən həllini asanlaşdırmaq üçün nəzərdə tutulub. Cənubi Qafqazda sülh və sabitlik bizim üçün vacibdir. Əvvəllər olduğu kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşdırılmasında, o cümlədən sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasında tələb olunan köməyi göstərməyə hazırıq. Bu proseslər üçün yol xəritələri 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlarda öz əksini tapıb. Ceyhun Bayramovun qarşıdan gələn səfərinə etibarlı Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində baxırıq”, - Rusiya XİN-in məlumatında qeyd vurğulanıb.
Fərid ƏkbərovMənbə: apa.az