Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 17:17
Bu ilin I yarımilində "Bank Respublika”nın gəlirləri illik müqayisədə 15,06% artaraq 180,5 milyon manat, xərcləri isə 11,07% artaraq 134,4 milyon manata yüksəlib.
“APA-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank dövr ərzində kredit faizlərindən 139,8 milyon manat gəlir əldə edib. Eyni vaxtda bank müştərilərin depozitləri üzrə faiz ödənişlərinə 23 milyon manat vəsait yönəldib.
Hesabat dövründə bank 34,5 milyon manat xalis mənfəət əldə edib.
Bu ilin iyulun 1-nə “Bank Respublika”nın depozit portfeli 1,1 milyard manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,08% azdır.
Bankın depozit portfelində ən çox azalma şirkətlərin vəsaitlərində baş verib. Belə ki, şirkətlərin bankdakı vəsaitləri ötən ilin müvafiq dövrü ilə nisbətdə 38,09% azalaraq 497,4 milyon manata düşüb.
Fiziki şəxslərin depozitləri də 3,8% azalaraq 602,3 milyon manata enib.
“Bank Respublika”nın cəmi öhdəlikləri 2,45 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 0,14% çoxdur. Kapitalı isə 269 milyon 538,18 min manat təşkil edib.
Eyni zamanda bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri də 2,04 dəfə artaraq 1,24 milyard manata yüksəlib.
Cari ilin iyul ayının 1-nə bankın nağd vəsaitlərinin həcmi, eləcə də ticarət və qiymətli investisiya qiymətli kağızlar üzrə aktivlərinin həcmi kəskin azalıb. Belə ki, bankın nağd vəsaitlərinin həcmi ötən ilin eyni dövrünə nisbətən 64,2% azalaraq 239,7 milyon manat, ticarət və qiymətli investisiya qiymətli kağızlar üzrə aktivlərinin həcmi isə 4,9 dəfə azalaraq 24,7 milyon manat təşkil edib.
Cəmi aktivlərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq 2,72 milyard manat təşkil edib. Dövr ərzində bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 11,5% artaraq 1,7 milyard manata çatıb. Portfelin 777,5 milyon manatını manatını biznes kreditləri, 395,2 milyon manatını istehlak kreditləri, 175,5 milyon manatını isə ipoteka kreditləri, 353,4 milyon manatını isə digər kreditlər təşkil edib. Biznes kreditlərinin həcmi 24,8% azalıb.
Bankın portfelində gecikmiş kreditlərin məbləği də artıb. Hesabata əsasən, ümumilikdə 2 305 kredit xətti üzrə 23,5 milyon manat məbləğində gecikmə mövcuddur. Vaxtı keçmiş kreditlərin ümumi məbləği ötən ilin sonu ilə müqayisədə 53,4% artaraq 23 milyon 470 min manat olub.
Vaxtı keçmiş kreditlərin ən böyük hissəsi Bakı şəhərinin payına düşür. Paytaxt üzrə kredit portfelinin həcmi 848 milyon 980 min manat təşkil edir ki, bunun da 11 milyon 185 min manatı vaxtı keçmiş kreditlərdir. Ümumilikdə gecikmiş 2 305 kredit xəttinin 999-u Bakıdadır.
Regionlar üzrə Bakıdan sonra ən yüksək məbləğdə vaxtı keçmiş kredit Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayon üzrə 146 kredit xətti üzrə 2 milyon 779 min manat məbləğində gecikmə var. Lənkəran-Astara iqtisadi rayonunda 199 kredit üzrə 1 milyon 539 min manat, Quba-Xaçmaz iqtisadi rayonunda isə 175 kredit üzrə 1 milyon 449 min manat məbləğində vaxtı keçmiş kredit var.
Bank mümkün zərərlərin qarşılanması məqsədilə yaratdığı məqsədli ehtiyatların məbləğini ötən ilin sonu ilə müqayisədə 19,9% artıraraq 12 milyon manata çatdırıb.
İlahə Səlimova maliyyə göstəriciləri hesabat mənfəət zərər gəlirlər xərclər vaxtı keçmiş kreditlər Bank RespublikaMənbə: apa.az