Milli Məclis ABŞ Konqresinin komitəsində Azərbaycan əleyhinə qəbul edilmiş qanun layihəsinə etiraz bildirib

Milli Məclis ABŞ Konqresinin komitəsində Azərbaycan əleyhinə qəbul edilmiş qanun layihəsinə etiraz bildirib

Tarix: 24 Jul 2026 16:56

Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi qanun layihəsinə münasibət bildirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, MM ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə əlaqədar kəskin etirazını bildirib:

“Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir.

Qanun layihəsinin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə bağlı olan və ardıcıl surətdə onların siyasi gündəliyini həyata keçirməyə çalışan bir şəxs kimi tanınır. Aydın məsələdir ki, ABŞ Konqresinə növbəti seçkilər ərəfəsində irəli sürülən bu cür təşəbbüslər heç də Birləşmiş Ştatların milli maraqlarını təmin etmək niyyəti ilə bağlı deyil və nüfuzlu lobbi dairələrinin siyasi və maliyyə dəstəyini qazanmaq məqsədi güdür. Qəbul olunan qərarların obyektivliyini şübhə altına alan bu cür praktika Birləşmiş Ştatların hüquq mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılmalı və lazımi hüquqi qiymətini almalıdır.

Sözügedən təşəbbüsün erməni lobbisinin Azərbaycanı gözdən salmaq üçün çoxdan bəri həyata keçirdiyi kampaniya çərçivəsində irəli sürüldüyü aşkardır. Eynilə belə bir çirkin missiyanı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo yerinə yetirir. Onun Rusiyanın erməni mənşəli oliqarxı Samvel Karapetyan da daxil olmaqla, erməni şovinist dairələri ilə bağlı şəxslərin maliyyə yardımı ilə siyasi motivli rəylər hazırladığı beynəlxalq ictimaiyyətə məlumdur. Eyni siyasi xətt Avropanın bir sıra parlament qurumlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində də görünür. Bu qurumun ayrı-ayrı deputatları, xüsusən Frank Şvabe kimi şəxslər uzun müddətdən bəri Azərbaycan barəsində qeyri-obyektiv və qərəzli təşəbbüslərlə çıxış edirlər. Bütün bu hərəkətlər erməni lobbisinin müxtəlif beynəlxalq parlament platformalarında həyata keçirdiyi dəqiq əlaqələndirilmiş kampaniyanın tərkib hissələridir.

Narahatlıq doğuran hal budur ki, bu cür addımlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin ardıcıl surətdə irəli aparıldığı bir dövrdə atılır. Möhkəm və uzunmüddətli sülhün bərqərar edilməsinə yönələn beynəlxalq səylər, xüsusən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçilik təşəbbüsü və birbaşa dəstəyi iki dövlət arasında münasibətlərin nizama salınması üçün real imkanlar açmışdır. Belə bir şəraitdə ayrı-ayrı konqresmenlərin siyasi motivli birtərəfli qərarları qəbul etdirmək cəhdləri nəinki etimad mühitini pozur, həm də sülh prosesinə əngəl törədir.

Bu cür hərəkətlər yalnız erməni lobbisinin radikal şovinist dairələrinin maraqlarına xidmət edir. Onilliklər ərzində bu dairələr Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına mane olmuş və qarşıdurmanı qoruyub saxlamağa çalışmışlar, indi isə regional gərginlikdən öz siyasi və maliyyə hədəflərinə nail olmaq üçün istifadə edirlər.

Qanun layihəsində Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində “hərbi əsirlər” və “siyasi məhbuslar” kimi terminlərin işlədilməsi xüsusilə hiddət doğurur. Bu şəxslər hərbi əsirlər və ya siyasi məhbuslar deyildir. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmişlər. Onları siyasi təqibin qurbanları kimi qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir.

Azərbaycan MM ABŞ konqresmenlərini mütəşəkkil erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə, beynəlxalq hüquqa və Azərbaycan Respublikasının suverenliyinə hörmət göstərməyə, eləcə də Cənubi Qafqazda sülh prosesinin pozulmasında və qarşıdurmanın qalmasında marağı olan qüvvələrin əlində alətə çevrilməməyə çağırıb.

Firuzə Vahid Azərbaycan Milli Məclis MM ABŞ Konqresi

Mənbə: apa.az

Xəbər Lenti