Yalçin Rəfiyev: "Şamaxı Toplantısı" ənənəvi COP təqvimində öz yerini alacaq

Yalçin Rəfiyev: "Şamaxı Toplantısı" ənənəvi COP təqvimində öz yerini alacaq

Tarix: 29 Jul 2026 13:50

"Şamaxı Toplantısı" ənənəvi COP təqvimində iyul ayında öz yerini alacaq.

Bunu APA-ya müsahibəsində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Nazir müavini xatırladıb ki, COP hər il başqa-başqa ölkələrdə keçirilir və proses ilin əvvəlindən başlayır: “Hər il COP-a hazırlıqla bağlı fevral ayından etibarən bir çox ölkələrdə tədbirlər keçirilir, bunlar standart müəyyən olunmuş təqvim tədbirləridir. COP prosesi çərçivəsində ilin əsas hazırlıq tədbirləri ənənəvi olaraq fevral ayında Tokioda keçirilən Yaponiya-Braziliya İqlim Dialoqu ilə başlayır. Ardınca mart-aprel aylarında Berlində Petersberq İqlim Dialoqu, may ayında isə Kopenhagendə İqlim Nazirlər Toplantısı keçirilir. İyun ayında Bonnda köməkçi orqanların sessiyası olur. Artıq biz ona nail olmuşuq ki, iyul ayında Şamaxını COP-un təqviminə daxil etmişik. Şamaxı Toplantısı artıq bu il üçüncü dəfədir ki, keçirilir və növbəti ildə COP-a ev sahibliyi edəcək Efiopiya tərəfi bu il bizdən xahiş etdi ki, gələn il də Şamaxı Toplantısını təşkil edək. Bu artıq o deməkdir ki, Şamaxı ənənəvi COP təqvimində iyul ayında öz yerini almış olacaq”.

Yalçın Rəfiyev vurğulayıb ki, Şamaxıda keçirilən toplantı unikal formatdır: “Digər qeyd etdiyim tədbirlərin hər biri rəsmi tədbirlərdir və ölkələr həmin tədbirlərdə rəsmi bəyanatlarını səsləndirir, çox vaxt eyni mövqeyi təkrar edirlər. Burada əldə olunan nəticə COP-un danışıqlarına təsiri baxımından o qədər də effektiv olmur. Şamaxıda isə həm Azərbaycanın füsunkar təbiətinin qoynunda, vahid məkan daxilində tədbir keçirilir, iştirakçılar eyni məkan daxilində qalır, səhərdən axşama qədər müxtəlif sosiallaşma tədbirlərində bir-biri ilə ünsiyyətdə olurlar. Bu, bir çox problemli məsələlərin həllinə kömək edir. Eyni zamanda biz buna innovativ yanaşma olaraq, iqlim laboratoriyaları adlandırdığımız formatlara da bölürük ki, orada inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr eyni dərəcədə təmsil olunur və açıq fikir mübadiləsi aparılır. Bu isə onları rəsmi bəyanatları təkrarlamaq əvəzinə, daha açıq fikir mübadiləsi aparmağa sövq edir”.

Firuzə Vahid Yalçin Rəfiyev COP Şamaxı Toplantısı

Mənbə: apa.az

Xəbər Lenti