Özbəkistan Prezidenti: Azərbaycanın Məşvərətçi Görüş formatına qoşulması əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə yüksəldir

Özbəkistan Prezidenti: Azərbaycanın Məşvərətçi Görüş formatına qoşulması əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə yüksəldir

Tarix: 31 Jul 2026 12:36

Azərbaycanın bu Məşvərətçi Görüş formatına qoşulması əməkdaşlığımızı keyfiyyətcə yeni makroregional səviyyəyə yüksəldir.

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.

“Qırğızıstanın BMT Təhlükəsizlik Şurasına 2027–2028-ci illər üzrə qeyri-daimi üzv seçilməsi münasibətilə Sizi və qardaş Qırğızıstan xalqını təbrik edirəm. Həmçinin Məşvərətçi Görüşlər formatına səmərəli sədrliyinə görə Türkmənistan Prezidentinə minnətdarlığımı bildirirəm. Bu gün biz dövlətlərimizin müstəqilliyinin 35 illiyi ərəfəsində bir araya gəlmişik. Bu illər ərzində hər bir ölkə dövlət quruculuğu, iqtisadi yüksəliş və milli dirçəliş yolunda özünəməxsus inkişaf yolu keçib. Birgə səylərimiz sayəsində vaxtilə parçalanmış Mərkəzi Asiya bu gün ümumi inkişaf məqsədləri ətrafında daha sıx birləşir. Bununla yanaşı, mürəkkəb və gözlənilməz beynəlxalq şərait bizdən daha qətiyyətli addımlar və daha sıx koordinasiya tələb edir. Azərbaycanın bu Məşvərətçi Görüş formatına qoşulması əməkdaşlığımızı keyfiyyətcə yeni makroregional səviyyəyə yüksəldir. Qarşımızda Mərkəzi Asiyanı, Cənubi Qafqazı və yaxın qonşumuz Əfqanıstanı birləşdirən vahid inkişaf məkanı formalaşdırmaq üçün tarixi imkan açılır. Bu fürsətdən maksimum istifadə etməli, qarşılıqlı əlaqələrin və mehriban qonşuluğun Avrasiyanın mərkəzində dayanıqlı inkişafı üçün möhkəm təməl yaratmalıyıq”, - deyə Özbəkistan Prezidenti qeyd edib.

Ramiz Mikayıloğlu

Mənbə: apa.az

Xəbər Lenti