Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 12:31
Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərətçi Görüşünün keçirilməsi planlaşdırılır.
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.
“Əminəm ki, dövlətlərarası əlaqələrin yeni hərtərəfli mexanizmləri xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcək, ilk növbədə isə mövcud birgə potensialımızdan səmərəli istifadə etməklə əməkdaşlığımıza əlavə dinamika və yeni perspektivlər qazandıracaq. Bildiyiniz kimi, 2026-cı il oktyabrın 8-də Türkmənistanın Milli Turizm Zonasında Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərətçi Görüşünün keçirilməsi planlaşdırılır. Ölkəmiz bu mühüm tədbirə böyük məsuliyyətlə yanaşır və qarşıdakı sammitin mümkün qədər səmərəli, yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirləri görür. Bu məqsədlə iştirakçı dövlətlərə sammitin gündəliyi təqdim olunub. Gündəlik beş əsas istiqaməti əhatə edir. Bura regional və beynəlxalq gündəliyin aktual məsələləri, sülh, sabitlik və təhlükəsizlik üzrə fikir mübadiləsi, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan Respublikası arasında siyasi-diplomatik əməkdaşlığın daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və dayanıqlı nəqliyyat və logistika dəhlizlərinin inkişafı daxildir. Bununla yanaşı, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatının bərpası sahəsində səylərin əlaqələndirilməsi, həmçinin mədəni, təhsil və elmi əlaqələrin inkişafı, tələbə və gənclər mübadiləsinin genişləndirilməsi də əsas müzakirə mövzuları sırasında olacaq. Hesab edirik ki, təklif olunan bütün mövzular ölkələrimiz üçün yüksək aktuallıq və strateji əhəmiyyət daşıyır. Qeyd etmək istərdim ki, sammitə hazırlıq və onun keçirilməsi çərçivəsində bir sıra beynəlxalq forumların və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, dövlətlərimiz bu beynəlxalq tədbirlərin təşkilinə də məsuliyyətlə və yüksək maraqla yanaşacaqlar”, - deyə Türkmənistan Prezidenti qeyd edib.
Ramiz Mikayıloğlu
Mənbə: apa.az