Cümə, 31 İyul, 2026
Tarix: 31 Jul 2026 18:54
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunan Milli Məclisin sədri vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər. Sahibə Qafarova Pan-Afrika Parlamenti, eləcə də Afrika ölkələrinin parlamentləri ilə həmrəy olduğunu ifadə edərək, beynəlxalq münasibətlər sistemində Afrikanın daha güclü səsə və daha fəal rola malik olmasının vacibliyini vurğulayıb.
Firuzə Vahid
Mənbə: apa.az