Ceyhun Məmmədov: Ana dilini qorumaq milli kimliyi və dövlətçiliyi qorumaq deməkdir

Ceyhun Məmmədov: Ana dilini qorumaq milli kimliyi və dövlətçiliyi qorumaq deməkdir

Tarix: 01 Aug 2026 14:15

Ana dilini qorumaq milli kimliyi və dövlətçiliyi qorumaq deməkdir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Azərbaycan dili milli varlığımızın və dövlətçiliyimizin əsas sütunlarından biridir

Ceyhun Məmmədov deyib ki, hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına və dövlətçilik ənənələrinə ehtiramın ifadəsidir: “Ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb. 2003-cü il yanvarın 2-də Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qüvvəyə mindi. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti müstəqil Azərbaycanın ideoloji dayaqlarından biri kimi formalaşıb və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, onun saflığının qorunması və gələcək nəsillərə zəngin şəkildə ötürülməsi ölkəmizin milli təhlükəsizlik məsələlərindən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyevin ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında, eləcə də bu ilin yanvarında Azərbaycan jurnalistlərinə verdiyi müsahibədə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər dövlət başçısının bu məsələyə necə həssas yanaşdığını bir daha nümayiş etdirdi. Bu çıxışlar təsadüfi deyil. Onlar müasir dövrdə milli kimliyin qorunması istiqamətində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm proqram xarakterli tezislərdir”.

Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, dövlətçilik atributudur

Deputat qeyd edib ki, Prezident İlham Əliyev haqlı olaraq vurğulayıb ki, dil insanları birləşdirən ən mühüm amildir və dövlətçiliyin əsas atributlarından biridir: “Bayraq, gerb və himn necə dövlətin rəmzidirsə, ana dili də xalqın mənəvi pasportudur. Tarix boyu müxtəlif imperiyaların tərkibində yaşamış Azərbaycan xalqı məhz öz dili sayəsində milli kimliyini qoruyub saxlaya bilib. Bu gün müstəqil dövlətimizin mövcudluğu ana dilimizin inkişafı üçün tamamilə yeni imkanlar yaradıb və bu imkanlardan düzgün istifadə etmək hər birimizin vətəndaşlıq borcudur.

Azərbaycan dili dünyanın 50 milyondan çox azərbaycanlısını birləşdirən ortaq dəyərdir. Bu baxımdan dil yalnız Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının milli həmrəyliyini təmin edən ən güclü mənəvi bağdır. Xaricdə yaşayan soydaşlarımızın da ədəbi Azərbaycan dilini mükəmməl bilməsi milli birliyimizin daha da möhkəmlənməsinə xidmət edir”.

Dilin saflığı milli təhlükəsizlik məsələsidir

Onun sözlərinə görə, Prezident İlham Əliyev AMEA-da çıxışında çox mühüm bir məqama diqqət çəkərək bildirib ki, Azərbaycan dilində qarşılığı olan sözləri xarici sözlərlə əvəz etmək ya yanlış yanaşmadır, ya da təxribat xarakteri daşıyır və hər iki hal qəbuledilməzdir: “Bu fikir əslində hər birimizi düşündürməlidir. Bu gün qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin geniş yayılması nəticəsində müxtəlif dillərin qarşılıqlı təsiri qaçılmazdır. Beynəlxalq terminologiyanın müəyyən hissəsinin istifadəsi təbiidir. Lakin Azərbaycan dilində mövcud olan sözlərin səbəbsiz yerə xarici ifadələrlə əvəz edilməsi nə dilimizi zənginləşdirir, nə də danışanı daha savadlı göstərir. Əksinə, bu tendensiya zaman keçdikcə milli dil mühitini zəiflədir və cəmiyyətin dil mədəniyyətinə mənfi təsir göstərir. Dövlət başçısının "xarici kəlmələr dilimizi zənginləşdirmir, milli kimliyimizi damcı-damcı sarsıdır" fikri bugünkü dövrün reallıqlarını tam əks etdirir. Milli kimlik birdən-birə deyil, məhz belə kiçik görünən təsirlər nəticəsində zəifləyə bilər. Ona görə də dilin qorunması yalnız filoloqların və ya dilçilərin deyil, milli təhlükəsizlik baxımından bütün cəmiyyətin ümumi məsuliyyətidir”.

Medianın və jurnalistlərin məsuliyyəti daha böyükdür

Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində xüsusi olaraq jurnalistlərə müraciət etməsi təsadüfi deyil: “İnformasiya cəmiyyətində insanlar gündəlik danışıq tərzini böyük ölçüdə televiziya, radio, xəbər portalları və sosial media vasitəsilə formalaşdırırlar. Efirə çıxan hər bir söz minlərlə, bəzən milyonlarla insana nümunə olur.

Bu baxımdan jurnalistlərin ədəbi dil normalarına ciddi riayət etməsi, Azərbaycan dilinin imkanlarından maksimum istifadə etməsi, lazımsız əcnəbi sözlərdən uzaq durması peşə məsuliyyəti ilə yanaşı, həm də milli məsuliyyətdir. Media cəmiyyətin dil zövqünü formalaşdıran əsas institutlardan biridir və bu missiyanın məsuliyyəti hər zamankından daha böyükdür”.

Alimlər, müəllimlər, ziyalılar və ailə eyni məqsədə xidmət etməlidirlər

Deputat deyib ki, Prezident İlham Əliyev Azərbaycan alimlərinə, yazıçılara, şairlərə, jurnalistlərə və ümumilikdə ziyalılara bu istiqamətdə fəal mövqe nümayiş etdirmələri ilə bağlı çağırış edib: “Hesab edirəm ki, bu çağırış yalnız müəyyən peşə sahiblərinə deyil, bütövlükdə cəmiyyətə ünvanlanıb. Dil məktəbdə öyrədilir, ailədə formalaşır, mediada inkişaf edir və ictimai həyatda möhkəmlənir. Əgər bu zəncirin hər hansı bir halqasında zəiflik yaranarsa, bunun təsiri ümumi dil mühitində hiss olunur. Buna görə də valideynlər övladları ilə ana dilində düzgün danışmalı, müəllimlər şagirdlərdə dil sevgisini gücləndirməli, ziyalılar isə öz nümunələri ilə cəmiyyətə istiqamət verməlidirlər”.

Rəqəmsal dövr yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradır

Ceyhun Məmmədov qeyd edib ki, müasir dövrdə sosial şəbəkələr, süni intellekt texnologiyaları və rəqəmsal platformalar həyatımızın ayrılmaz hissəsinə çevrilib: “Bu proses Azərbaycan dili üçün həm yeni imkanlar, həm də yeni risklər yaradır. Bir tərəfdən dilimizin rəqəmsal mühitdə istifadəsi genişlənir, digər tərəfdən xarici sözlərin sürətlə yayılması, qarışıq dil nümunələrinin populyarlaşması müşahidə olunur. Bu səbəbdən Azərbaycan dilinin rəqəmsal platformalarda düzgün istifadəsi, keyfiyyətli elektron resursların hazırlanması, ana dilində süni intellekt texnologiyalarının inkişaf etdirilməsi və gənclərin dil mədəniyyətinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır”.

Dünya azərbaycanlılarını birləşdirən ən güclü mənəvi körpü

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl bilməsi ilə bağlı fikirləri də xüsusi diqqətə layiqdir: “Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız üçün Azərbaycan dili milli kimliyin qorunmasının əsas vasitəsidir. Dövlət başçısının təşəbbüsü ilə yaradılan onlayn Azərbaycan dili məktəbləri də məhz bu məqsədə xidmət edir. Diaspor fəaliyyətinin gücləndirilməsi, milli-mədəni dəyərlərimizin yaşadılması və gələcək nəsillərin Azərbaycanla bağlarının qorunması ilk növbədə ana dilindən başlayır. Dilini qoruyan xalq tarixini, mədəniyyətini və milli yaddaşını da qoruyur”.

Ana dilini qorumaq hər birimizin vətəndaşlıq borcudur

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həm AMEA-da, həm də jurnalistlərlə müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan dilinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir: “Bu siyasətin uğuru isə yalnız dövlətin fəaliyyəti ilə deyil, hər bir vətəndaşın məsuliyyətli münasibəti ilə təmin oluna bilər. İnanıram ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimiz üçün sadəcə təqvimdə qeyd olunan tarix deyil, ana dilimizə münasibətimizi bir daha nəzərdən keçirmək üçün mühüm fürsətdir. Azərbaycan dilini qorumaq, onu saf saxlamaq, zəngin imkanlarını yaşatmaq və gələcək nəsillərə olduğu kimi ötürmək həm milli kimliyimizə, həm də dövlətçiliyimizə xidmət edən müqəddəs vəzifədir. Ana dilini qoruyan xalq gələcəyini qoruyur, milli kimliyini yaşadır və müstəqil dövlətinin dayaqlarını daha da möhkəmləndirir”.

Ceyhun Məmmədov Ana dili

Mənbə: apa.az

Xəbər Lenti