Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 11:38
Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk.
APA xəbər verir ki, bunu Hindistanın nəzarətində olan Cammu və Kəşmir əhalisi ilə həmrəylik nümayiş etdirmək məqsədilə keçirilən "Youm-e-İstehsal" (İstismar Günü) adlı tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib.
Səfir çıxışında Azərbaycanın Pakistanın Kəşmir məsələsində mövqeyinə verdiyi ardıcıl dəstəyi xüsusi vurğulayaraq, buna görə rəsmi Bakıya minnətdarlığını ifadə edib.
"Pakistan hökuməti adından, eləcə də şəxsən öz adımdan, hər bir pakistanlı kimi qardaş Azərbaycanın ikitərəfli münasibətlərdə, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər bütün beynəlxalq platformalarda prinsipial mövqeyini və davamlı dəstəyini yüksək qiymətləndirirəm. Hindistanın qanunsuz işğalına son qoyulmasına çağıran bu prinsipial dəstəyə görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk", - deyə səfir vurğulayıb.
Qasim Mohiuddin bildirib ki, 2019-cu il avqustun 5-də Hindistan Cammu və Kəşmirə xüsusi status verən konstitusiya müddəalarını ləğv edib. Onun sözlərinə görə, bu birtərəfli addımlar əsasən daxili auditoriyaya hesablanmışdı və bölgənin demoqrafik tərkibini dəyişdirməyə yönəlmişdi.
Səfir bildirib ki, həmin dəyişikliklər nəticəsində kənardan gələn şəxslərə bölgədə əmlak almaq imkanı yaradılıb və bununla müsəlman əhalinin öz doğma torpaqlarında azlığa çevrilməsi hədəflənib. O əlavə edib ki, bu addımlar Kəşmirin beynəlxalq hüquq baxımından statusunu dəyişmir.
Diplomatın sözlərinə görə, Hindistanın nəzarəti altında olan Cammu və Kəşmirdə insan hüquqlarının pozulması davam edir. O bildirib ki, jurnalistlərin bölgədə baş verənləri sərbəst işıqlandırmasına imkan verilmir, internet məhdudiyyətləri adi hala çevrilib və ərazi dünyanın ən böyük "açıq hava həbsxanalarından biri"nə bənzəyir.
Qasim Mohiuddin qeyd edib ki, Cənubi Asiyada davamlı sülh və sabitlik Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və Kəşmir xalqının iradəsi əsasında həllindən asılıdır.
Səfir Pakistanın Kəşmir xalqına diplomatik və mənəvi dəstəyini bundan sonra da davam etdirəcəyini bildirib. O, media nümayəndələrini Kəşmir məsələsinə siyasi mübahisə kimi deyil, həm də humanitar problem kimi yanaşmağa çağırıb.
"Burada insanların həyatı təhlükə altındadır, onların kimliyi təhlükə altındadır. Uşaqlar təhlükəsiz deyil, biznes fəaliyyəti təhlükəsiz deyil. Bu, ilk növbədə humanitar məsələdir", - deyə səfir əlavə edib.
İlqar Xudiyev Pakistan səfiri Kəşmir məsələsiMənbə: apa.az