Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir - BMT hesabatı

Hindistan BTQ ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və ailəsini ölümlə təhdid edir - BMT hesabatı

Tarix: 05 Aug 2026 16:10

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə sıx əməkdaşlıq edən Kanada Siqh Federasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Moninder Singh Bualın beynəlxalq təşkilatlara ünvanladığı müraciət və təqdim etdiyi rəsmi sənədlər, habelə onun və ailəsinin həyatına yönəlmiş birbaşa sui-qəsd planları və transmilli repressiya faktları beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub.

BTQ-dən APA-ya verilən xəbərə görə, yenicə ictimaiyyətə açıqlanan BMT Xüsusi məruzəçilərinin hesabatına əsasən, Moninder Singh Bual siqhlərin öz müqəddəratını təyin etmə hüquqlarını beynəlxalq platformalarda müdafiə etdiyi üçün 2022-ci ildən bəri Kanada təhlükəsizlik orqanlarından rəsmi olaraq dörd dəfə "ölüm təhlükəsi barədə xəbərdarlıq" alıb.

Sonuncu dördüncü rəsmi bildiriş 22 fevral 2026-cı ildə birbaşa onun evinə təqdim edilmiş və Kanada kəşfiyyat orqanlarının kifayət qədər ciddi qiymətləndirdiyi bu sui-qəsd planlarında ilk dəfə olaraq təkcə fəalın özü deyil, onun həyat yoldaşı və iki azyaşlı övladı da birbaşa hədəf olaraq göstərilib. Hesabata əsasən, bu gizli sui-qəsd cəhdi, Hindistan dövlətinin BMT xüsusi mexanizmləri ilə əməkdaşlıq edən dissidentləri və hüquq müdafiəçilərini istənilən coğrafiyada fiziki olaraq məhv etmək strategiyasının bariz nümunəsidir və fəalın BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə yola düşməsindən əvvəl olması təsadüfi xarakter daşımır.

Yaranmış kritik vəziyyətlə bağlı BMT-nin insan hüquqları, terrorizmlə mübarizə, sərbəst toplaşmaq azadlığı və din azadlığı üzrə 5 xüsusi məruzəçisi və eksperti Kanada hökumətinə rəsmi etiraz və çağırış məktubu ünvanlayıb. BMT rəsmiləri Moninder Singh və ailəsinin üzləşdiyi təhlükəni birbaşa Hindistan hakimiyyətinin və kəşfiyyat orqanlarının xarici ölkələrdə həyata keçirdiyi qanunsuz transmilli repressiyanın, sifarişli qətllərin və intiqam tədbirlərinin bir hissəsi adlandırıblar. Məktubda eyni xəbərdarlığı alan digər siqh fəalı Hardeep Singh Nijjarın 2023-cü ildə Kanada torpağında Hindistanın gizli agentləri və mütəşəkkil cinayətkar qrupları tərəfindən qətlə yetirilməsi xatırladılaraq, rəsmi Dehlinin suveren ölkələrin ərazisində həyata keçirdiyi dövlət terroruna qarşı Kanadanın davamlı sayıqlıq nümayiş etdirməməsindən ciddi narahatlıq ifadə olunub. Sənədlər sübut edir ki, Hindistan hökuməti öz daxilindəki etnik və dini azlıqların fundamental haqlarını boğmaqla kifayətlənməyərək, qərb ölkələrində yaşayan və fəaliyyət göstərən siqh fəallarını da qeyri-qanuni casusluq, şantaj və terror metodları ilə susdurmağa çalışır.

BMT ekspertlərinin rəsmi sənədinin tam mətni ictimaiyyətə açıqlandıqdan sonra dünya mətbuatının əsas gündəm mövzusuna çevrilib. Böyük Britaniyanın "The Guardian" qəzeti, eyni zamanda Kanadanın "CBC News", "Global News" və Britaniyanın "The Independent" kimi aparıcı media agentlikləri də mövzuya geniş yer ayıraraq, Hindistan kəşfiyyat şəbəkələrinin suveren dövlətlərin daxili təhlükəsizliyini pozmasını, siqh fəallarına qarşı Avropa və Şimali Amerikada gizli sui-qəsd və təhdid şəbəkələri qurmasını kəskin tənqid ediblər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə profilləri və saytı mütəmadi olaraq Hindistan mənşəli kiberhücumlara məruz qalır.

https://www.facebook.com/share/14kNVpdq7Fz/

Bakı Təşəbbüs Qrupu

Mənbə: apa.az

Xəbər Lenti