Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 22:38
Hörmüz boğazının açılması ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri praktiki və konkret şəkildə yerinə yetirməsindən asılıdır.
Bu barədə "Fars" agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbə son vaxtlar ABŞ-ın bəzi sanksiyaları ləğv etməsinin Tehran-Vaşinqton anlaşması ilə əlaqəli olduğu barədə iddiaları təkzib edib. Bildirilib ki, ABŞ Xəzinədarlığının məhdud sayda sanksiyanı ləğv etməsi İraq hökumətinin Vaşinqtonla qarşılıqlı əlaqələri ilə bağlıdır və bunun İran-ABŞ anlaşma memorandumu ilə heç bir əlaqəsi yoxdur.
Mənbənin sözlərinə görə, ABŞ İslamabad anlaşma memorandumunu pozaraq Hörmüz boğazında nəqliyyatın tənzimlənməsi prosesini pozub, hərbi hücumlar və dəniz blokadası yaradıb, həmçinin neft və neft-kimya məhsullarının ixracı üzrə güzəştləri ləğv etməklə İranın bloklanmış vəsaitlərinə çıxışına mane olub.
Qeyd olunub ki, vəziyyətin bərpası İranın Hörmüz boğazında atacağı addımlardan və ABŞ-ın öhdəliklərini real şəkildə yerinə yetirməsindən asılıdır.
Mənbə əlavə edib ki, İranla Oman arasında anlaşma yekunlaşacağı təqdirdə belə, Hörmüz boğazının açılması ABŞ-ın öhdəliklərinin icrasını da əhatə edən ayrıca razılaşmalar tələb edəcək.
Haşim Rahimi İran ABŞ Hörmüz boğazı
Mənbə: apa.az