Cümə axşamı, 6 Avqust, 2026
Tarix: 05 Aug 2026 23:28
İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi ABŞ-dan öhdəliklərinə qayıtmağa hazır olduqlarını göstərən mesajlar aldıqlarını, lakin danışıqların bərpası ilə bağlı hələ qərar verilmədiyini bildirib.
APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Qəribabadi bildirib ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.
Onun sözlərinə görə, tərəflər üç həftədən çoxdur ki, ticarət gəmilərinin Hörmüz boğazından keçidi və gələcək idarəetmə mexanizmləri ilə bağlı müzakirələr aparırlar. Bu məsələnin İslamabad Anlaşma Memorandumunda da əks olunduğunu qeyd edən nazir müavini bildirib ki, İran milli təhlükəsizlik baxımından köhnə marşrutların qənaətbəxş olmadığını əsas gətirərək onların dəyişdirilməsini tələb edib.
Qəribabadi vurğulayıb ki, dəniz nəqliyyatının giriş-çıxış marşrutları da daxil olmaqla bütün əsas məsələlər üzrə Omanla prinsipial razılıq əldə olunub və danışıqlar yekun mərhələsinə çatıb.
O qeyd edib ki, Hörmüz boğazında tətbiq olunacaq yeni marşrut müvəqqəti xarakter daşıyacaq və 2-4 ay, hətta daha uzun müddət qüvvədə qala bilər. Bundan sonrakı mərhələyə keçid üçün isə ayrıca qərarın qəbul edilməsi tələb olunur.
İranla ABŞ arasında mümkün danışıqlara münasibət bildirən Qəribabadi hazırda heç bir rəsmi danışığın aparılmadığını deyib.
"ABŞ-ın İranla danışıq apardığı iddiası doğru deyil və hazırda heç bir danışıq getmir. Bununla belə, ABŞ-dan onların öz öhdəliklərinə qayıtmağa hazır olduqlarını göstərən mesajlar almışıq. Bu mesajlar qəbul edilib, lakin növbəti mərhələyə keçidlə bağlı hələ qərar verilməyib və məsələ müzakirə olunur", - deyə o bildirib.
Qəribabadi Pakistanın İran nümayəndə heyətini səfərə dəvət etdiyini də təsdiqləyib. O bildirib ki, Pakistanın xarici işlər naziri və parlament sədrinin dəvəti doğrudur, lakin səfərin yekun tarixi hələ müəyyənləşdirilməyib.
Haşim Rahimi İran ABŞ Hörmüz boğazı
Mənbə: apa.az