Cümə axşamı, 6 Avqust, 2026
Tarix: 06 Aug 2026 01:12
ABŞ Prezidenti Donald Trampın administrasiyası idxalçılara əvvəllər toplanmış təxminən 100 milyard dollar gömrük rüsumunu geri qaytarıb.
Bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, geri qaytarılan vəsait fövqəladə iqtisadi səlahiyyətlər rejimi (IEEPA) çərçivəsində tətbiq edilən və sonradan ABŞ Ali Məhkəməsinin qərarı ilə ləğv olunan tariflər hesabına toplanmış vəsaitdir.
Qeyd olunub ki, hökumət bu tariflər çərçivəsində ümumilikdə 166 milyard dollara yaxın vəsait toplamışdı. Ali Məhkəmə fevral ayında qərara gəlib ki, IEEPA qanunu prezidentə belə tariflər tətbiq etmək səlahiyyəti vermir. Bundan sonra Federal Beynəlxalq Ticarət Məhkəməsi hökumətə idxalçılardan tutulmuş vəsaitin geri qaytarılması barədə göstəriş verib.
CNBC bildirir ki, Tramp administrasiyası oxşar tarif rejimini başqa hüquqi mexanizmlər vasitəsilə bərpa etməyə çalışır. Donald Tramp isə gömrük rüsumlarının ABŞ büdcəsinə yüz milyardlarla dollar gəlir gətirdiyini və Ali Məhkəmənin qərarından sonra administrasiyanın tarifləri tətbiq etmək üçün başqa üsullardan istifadə etdiyini bildirib.
ABŞ Donald Tramp gömrük rüsumları
Mənbə: apa.az