Azərbaycanın Rusiya və Ukrayna ilə münasibətləri milli maraqlar üzərində qurulub  - RƏY

Azərbaycanın Rusiya və Ukrayna ilə münasibətləri milli maraqlar üzərində qurulub - RƏY

Tarix: 07 Aug 2026 13:48

Azərbaycanın Rusiya və Ukrayna ilə münasibətləri milli maraqlar üzərində qurulub.

Bunu APA-ya açqıalamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan Azərbaycan Respublikasının xarici siyasətin əsas mahiyyəti dövlətimizin suverenliyinin və milli maraqlarımızın qorunması, təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafının təmin edilməsi, habelə regional sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verməkdən ibarətdir. Azərbaycanın xarici siyasəti milli maraqların təmin edilməsinə əsaslanan balanslaşdırılmış və praqmatik yanaşma üzərində formalaşdırılır, müxtəlif dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında inkişafını nəzərdə tutur.

Moskva səfəri və Kiyev görüşü təsadüfi ardıcıllıq deyil

Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iyulun 17-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən qısa müddət sonra, avqustun 6-da Kiyevə səfər etməsi Azərbaycanın xarici siyasət kursunun ardıcıllığını nümayiş etdirir: “Burada söhbət bir-birinə alternativ olan iki istiqamətdən deyil, Azərbaycanın hər iki dövlətlə öz maraqları çərçivəsində münasibətlər qurmasından və inkişaf etdirməsindən gedir. İyulun 17-də Moskva görüşündə Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat və humanitar sahələri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Azərbaycan və Rusiya xarici işlər nazirləri iki ölkə arasında mövcud münasibətlərin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Bu, Azərbaycanın Rusiya ilə münasibətlərə yanaşmasını aydın şəkildə göstərir. Bakı Moskva ilə müxtəlif sahələrdə və səviyyələrdə dialoqu davam etdirir, iqtisadi, nəqliyyat və humanitar əlaqələrin inkişafında maraqlıdır, mövcud əməkdaşlıq mexanizmlərindən istifadə etməklə töhfə verir. Eyni zamanda Azərbaycan bu münasibətlərin milli maraqlar və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmasını vacib hesab edir. Azərbaycan-Rusiya münasibətlərinin özünəməxsus çəkisi var və bu əlaqələr yalnız siyasi dialoqla məhdudlaşmır. Azərbaycanın Rusiya ilə çoxşaxəli iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər əlaqələri mövcuddur. Şimal-Cənub nəqliyyat dəhlizi, ticarət əlaqələri, humanitar və mədəni münasibətlər bu əlaqələrin praktiki tərəfləridir. Həmçinin regionlararası əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərində öz əhəmiyyəti ilə seçilir. Ona görə də Azərbaycan üçün Rusiya ilə münasibətlərin sabit və proqnozlaşdırılan məcrada inkişaf etdirilməsi vacibdir. Sergey Lavrovun iyulun 17-dəki açıqlamalarında da Moskva-Bakı münasibətlərində yüksək və ali səviyyəli siyasi dialoqun davam etdirilməsinin, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Rusiya XİN rəhbəri görüşü konstruktiv və məzmunlu danışıqlar kimi qiymətləndirib. Bu baxımdan Moskva görüşünü Azərbaycanın Rusiya ilə münasibətləri inkişaf etdirmək siyasətinin növbəti mərhələsi kimi qiymətləndirmək olar. Azərbaycanın öz dövləti maraqları olan bütün istiqamətlərdə əməkdaşlığı davam etdirməsi onun xarici siyasətinin fəlsəfəsindən, məntiqindən irəli gəlir”.

Azərbaycan-Ukrayna münasibətlərinin dinamik inkişafının göstəricisi

Deputat hesab edir ki, avqustun 6-da Ukraynaya xarici işlər naziri səviyyəsində səfər də Azərbaycan-Ukrayna münasibətlərinin dinamik inkişaf etdiyini göstərir: “Azərbaycanın Ukrayna ilə münasibətləri də uzun illər ərzində formalaşıb. Bu əlaqələr qarşılıqlı hörmətə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyə, siyasi dialoqa, iqtisadi və humanitar əməkdaşlığa əsaslanır. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəklədiyi kimi, Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Avqustun 6-da Ceyhun Bayramovla Andriy Sıbiha arasında keçirilən görüşün gündəliyi Azərbaycan-Ukrayna münasibətlərinin kifayət qədər geniş olduğunu göstərib. Görüşdə strateji tərəfdaşlıq, ticarət, enerji, investisiya, nəqliyyat, humanitar və çoxtərəfli əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib. Bu görüşdə xüsusilə diqqətçəkən məqam Azərbaycan və Ukrayna prezidentləri arasında əldə edilmiş razılaşmaların icrası ilə bağlı məsələlərin müzakirə olunmasıdır. Müzakirələr yalnız diplomatik təmaslarla bitmir, konkret siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi gündəmdədir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü vurğulayıb ki, Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi də kifayət qədər aydındır: “Azərbaycan Ukrayna məsələsində beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünü əsas götürür. Nazir Bayramovun Kiyevdə də ən qısa müddətdə hərbi əməliyyatların dayandırılmasının və münaqişənin diplomatik yollarla həllinin vacibliyini vurğulaması Azərbaycanın mövqeyinin davamlı xarakter daşıdığını göstərir. Azərbaycan üçün əsas məsələ Rusiya-Ukrayna müharibəsində tərəf seçmək deyil, Azərbaycanın dövlət maraqlarını qorumaq və mümkün olduğu qədər regional və beynəlxalq sabitliyə töhfə verməkdir. Azərbaycan heç bir zaman öz xarici siyasətini başqa dövlətlərin maraqlarının üzərində qurmayıb. Bizim üçün əsas olan Azərbaycanın milli maraqları, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyüdür. Bu yanaşma eyni prinsipiallıqla həm Rusiya, həm Ukrayna, həm də digər dövlətlərlə münasibətlərə şamil olunur”.

Sıbiha və Zelenskinin açıqlamaları da ikitərəfli münasibətlərin xarakterini göstərir

Deputat diqqətə çatdırıb ki, Ukrayna tərəfinin Azərbaycan xarici işlər nazirinin Kiyev səfərinə verdiyi qiymət də Azərbaycan-Ukrayna münasibətlərinin strateji xarakterini nümayiş etdirir: “Ukraynanın xarici işlər naziri Andriy Sıbiha görüşdən sonra Azərbaycanın humanitar yardımını, Ukraynanın enerji dayanıqlığının təmin edilməsinə, kritik infrastrukturun bərpasına və yenidənqurma prosesinə dəstəyini xüsusi qeyd edib. Sıbiha Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə əminliyini ifadə edib və iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayıb. Ukrayna tərəfinin bu açıqlamaları göstərir ki, Azərbaycanla münasibətlər yalnız siyasi bəyanatlardan ibarət deyil. İkitərəfli münasibətlərdə enerji təhlükəsizliyi, humanitar yardım, infrastrukturun bərpası və gələcəkdə yenidənqurma kimi konkret istiqamətlər yer alır. Azərbaycan bu prosesdə öz imkanları çərçivəsində iştirak edir”.

Rizvan Nəbiyev xatırladıb ki, aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı iki ölkə prezidentləri arasında təhlükəsizlik, enerji və humanitar məsələlər müzakirə edilib və altı ikitərəfli sənəd imzalanıb. Zelenski həmin səfər zamanı Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib: “Bu kontekstdə Ceyhun Bayramovun Kiyevə səfərini ayrıca hadisə kimi deyil, Azərbaycan-Ukrayna münasibətlərində son dövrdə müşahidə olunan intensiv siyasi dialoqun davamı kimi qiymətləndirmək lazımdır”.

Deputat Azərbaycan xarici işlər nazirinin Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovla görüşünə də diqqət çəkib: “Xarici işlər nazirinin Prezident Ofisinin rəhbəri ilə görüşməsi Ukrayna ilə əlaqələrdə siyasi və təhlükəsizlik məsələlərinin də əhəmiyyətli yer tutduğunu göstərir. Azərbaycanın belə təmaslar vasitəsilə prosesləri birbaşa tərəf kimi deyil, öz milli maraqları və diplomatik imkanları çərçivəsində izləməsi təbiidir. Azərbaycanın mövqeyində əsas xətt dəyişmir: müxtəlif coğrafi məkanlarda münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, diplomatik vasitələrlə həlli və dövlətlərin suverenliyi ilə ərazi bütövlüyünün qorunması.

Azərbaycanın əsas mesajı

Milli Məclisin deputatı qeyd edib ki, son səfərlərin ən mühüm siyasi mesajlarından biri Azərbaycanın Moskva ilə Kiyev arasında seçim etməməsidir:

“Bəzən Azərbaycanın eyni dövrdə Rusiya və Ukrayna ilə yüksək səviyyəli təmaslarını fərqli istiqamətlərdə yozmağa çalışırlar. Halbuki Azərbaycan öz xarici siyasətini başqa ölkələrin geosiyasi rəqabətinin, fərqli mövqelərinin məntiqinə uyğun qurmur. Biz Rusiya ilə də, Ukrayna ilə də münasibətlərimizi Azərbaycan dövlətinin maraqları əsasında inkişaf etdiririk. Bu münasibətlər bir-birini istisna etmir. Azərbaycanın belə siyasət yürütməsi həm ölkənin geosiyasi mövqeyi, həm də iqtisadi və nəqliyyat imkanları ilə bağlıdır. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat və enerji qovşağında yerləşir. Bu coğrafi mövqe ölkəmizə müxtəlif dövlətlərlə paralel və qarşılıqlı faydalı münasibətlər qurmaq imkanı verir. Ona görə də Azərbaycan üçün əsas məqsəd hansısa geosiyasi blokun daxilində yer almaq deyil, özünün regional və beynəlxalq mövqelərini gücləndirmək və iştirkçısı olduğu layihələrlə sabitliyə töhfə verməkdir”.

Bakı üçün əsas meyar milli maraqlardır

Rizvan Nəbiyev deyib ki, ərazilərimizin işğalına son qoyulduqdan, suveren nəzarətimiz tam təmin olunduqdan sonra Azərbaycanın xarici siyasətində formalaşan əsas xüsusiyyətlərdən biri strateji tərəfdaşlıqların müxtəlif istiqamətlər üzrə genişləndirilməsidir: “Azərbaycan bir tərəfdən Rusiya ilə siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə müttəfiqlik münasibətlərini inkişaf etdirir, digər tərəfdən Ukrayna ilə müxtəlif sahələrdə strateji tərəfdaşlığını möhkəmləndirir. Eyni zamanda Türkiyə ilə müttəfiqlik münasibətləri dərinləşdirilir, ABŞ-la münasibətlər strateji tərəfdaşlıq əsviyyəsində inkişaf etdirilir, Avropa İttifaqı ilə tərəfdaşlıq intensiv şəkildə genişləndirilir, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda prisipiallıqla irəlilədilir. Azərbaycan digər tərəfdaşlarla əlaqələri genişləndirir, yeni tərəfdaşlıqlar qurulur. Bu, ziddiyyət deyil, əksinə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çağdaş Azərbaycan xarici siyasətinin çoxvektorlu, balanslı və milli maraqlara əsaslanan xarakterinin göstəricisidir. Azərbaycanın əsas üstünlüklərindən biri də müxtəlif tərəflərlə həm dövlətbaşçısı, həm də sahəvi qurumlar səviyyəsində danışmaq, dialoq aparmaq imkanını qorumasıdır. Azərbaycanın Rusiya ilə münasibətlərinin olması onun Ukrayna ilə əlaqələr qurmasına mane olmamalıdır. Eyni zamanda Ukrayna ilə strateji tərəfdaşlıq Azərbaycanın Rusiya ilə normal və qarşılıqlı faydalı münasibətlərinin inkişafına əngəl yaratmamalıdır. Əksinə, Azərbaycanın hər iki ölkə ilə dialoq imkanlarını qoruması gələcəkdə regionda sülh və sabitliyin bərqərar olması baxımından əlavə diplomatik imkanlar yarada bilər. Azərbaycan xarici işlər nazirinin Moskva və Kiyev səfərlərinin ardıcıllığı məhz bu siyasətin praktiki ifadəsidir. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi sadədir: dostluq münasibətlərini genişləndirmək və əməkdaşlığı dərinləşdirmək, heç bir dövlətlə qarşıdurma yaratmamaq, milli maraqları qorumaq və beynəlxalq hüququn prinsiplərinə hörmət etmək. Moskva və Kiyev səfərləri də bu strateji vacib xəttin bir-birini tamamlayan iki istiqamətidir”.

Rizvan Nəbiyev Rusiya Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti