Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur

Tarix: 08 Aug 2026 00:00

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanmasından bir il ötür.

APA xatırladır ki, Vaşinqton şəhərində 8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.

Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycanla ABŞ arasında strateji münasibətlərin möhkəmlənməsinə yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay müddətində hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması olub.

Azərbaycanla ABŞ aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir sıra sahələrdə əməkdaşlıq etmək niyyətini ifadə ediblər:

Enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi;

Müdafiə və terrorizmə qarşı mübarizə sahəsində daha möhkəm əməkdaşlığın qurulması;

Regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi;

Süni intellekt üzrə tərəfdaşlıqların və rəqəmsal infrastruktur sahəsində sərmayələrin inkişaf etdirilməsi.

Bu Memorandum imzalandığı tarixdən qüvvəyə minib və bir il müddətində qüvvədə qalır. Memorandum iştirakçıların qarşılıqlı yazılı razılığı ilə uzadıla bilər. Hər bir iştirakçı istənilən vaxt bu Memorandumda iştirakını dayandıra bilər. İştirakı dayandıran tərəf digər iştirakçıya diplomatik kanallar vasitəsilə 60 gün əvvəlcədən yazılı qaydada bildiriş verməlidir.

Layihələrin davam etmə müddəti: İştirakçılar tərəfindən başqa qərar verilmədiyi təqdirdə, bu Memoranduma xitam verilməsi iki iştirakçı arasında bu Memorandum çərçivəsində artıq başlanmış və tamamlanmamış layihələrə və fəaliyyətlərə təsir göstərmir.

Dəyişikliklər: İştirakçılar qarşılıqlı yazılı qərarla bu Memorandumu dəyişdirə bilərlər.

Memorandumun təsiri: Bu Memorandum beynəlxalq hüquq və ya daxili qanun üzrə heç bir hüquq və öhdəlik yaratmır. İştirakçılar bu Memorandumun maliyyə öhdəliyi daşımadığını xüsusi olaraq qəbul edirlər. İştirakçılar öz əlahiddə və unikal missiya və mandatlarını, məsuliyyət və hesabatlılıqlarını qoruyub saxlamaq niyyətindədirlər. Bu Memorandum çərçivəsində iştirakçılar arasında əməkdaşlığın tərəfdaşlıq və ya digər hüquqi şəxs və ya qurum kimi təfsir edilməsi nəzərdə tutulmur. Hər bir iştirakçının bu Memorandumla bağlı çəkdiyi bütün xərcləri özü tərəfindən qarşılaması gözlənilir. İştirakçılar bu Memorandumu iştirakçılar arasında bu Memorandum imzalanmazdan əvvəl və ya sonra bağlanmış razılaşmalara xələl gətirmədən icra etmək niyyətindədirlər. Bu Memorandumda heç nəyin eksklüziv işçi münasibəti kimi təfsir edilməsi nəzərdə tutulmur.

Qeyd edək ki, 10 fevral 2026-cı il tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıb.

Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyiblər, 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış ediblər.

Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyiblər.

Eyni zamanda, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayıblar.

Bundan başqa strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyiblər.

Azərbaycan Prezidenti İlham Əliyev Donald Tramp Strateji Tərəfdaşlıq Xartiyası Ceyms Devid Vens Anlaşma Memorandumu

Mənbə: apa.az

Xəbər Lenti