Bəqai: Xəzər Konvensiyasının ratifikasiya üçün parlamentə göndərilməsi müharibə ilə bağlı deyil

Bəqai: Xəzər Konvensiyasının ratifikasiya üçün parlamentə göndərilməsi müharibə ilə bağlı deyil

Tarix: 10 Aug 2026 14:10

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya üçün parlamentə göndərilməsi ilə bağlı açıqlama verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai bildirib ki, 2018-ci ildə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanan Konvensiyanın İran parlamentinə göndərilməsi müharibə və ya xarici hadisələrlə əlaqəli deyil.

“Sənədlə bağlı yekun qərar, Konstitusiyaya əsasən, parlamentə məxsusdur”, – Bəqai vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq sənədlərin ratifikasiyası ilə bağlı qərarlar milli maraqlar və məqsədəuyğunluq əsasında qəbul edilir.

Bəqai qeyd edib ki, son 7-8 il ərzində sənədin parlamentə göndərilməsi ilə bağlı yekun qərar olmayıb. Hazırda isə hökumət və Xarici İşlər Nazirliyi daxilində aparılan hərtərəfli qiymətləndirmədən sonra Konvensiyanın Məclisə təqdim edilməsi məqsədəuyğun hesab edilib.

XİN rəsmisi deyib ki, Konvensiyanın parlamentə göndərilməsini müharibə ilə əlaqələndirmək əsassızdır.

İran XİN sözçüsü həmçinin Xəzərin dəniz yatağı və yeraltı sərvətlərində İranın payı ilə bağlı səsləndirilən müxtəlif rəqəmlərə də münasibət bildirib. O qeyd edib ki, bu məsələdə əsas məqam başlanğıc xəttinin müəyyənləşdirilməsidir və Konvensiyada bu məsələ öz əksini tapmayıb.

Bəqai bildirib ki, başlanğıc xətti məsələsi ayrıca, o cümlədən İranın Azərbaycan və Türkmənistanla ikitərəfli danışıqları çərçivəsində müzakirə olunmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar başlayıb, bəzi mərhələlərdə dayanıb, lakin proses davam edir.

İran XİN sözçüsü Konvensiyanın Xəzərin hüquqi statusu üçün ümumi çərçivə yaratdığını və mühüm müddəalarından birinin dənizin hərbiləşdirilməsinin qarşısının alınması olduğunu bildirib.

“Beş ölkə sənədi imzalamadan onun icrası mümkün deyil”, – Bəqai əlavə edib.

Onun fikrincə, digər dörd Xəzəryanı ölkənin sənədin daha tez qüvvəyə minməsində maraqlı olması təbii haldır.

Haşim Rahimi Xəzərin hüquqi statusu Konvensiya parlament ratifikasiyası Bəqai

Mənbə: apa.az

Xəbər Lenti