Bazar ertəsi, 17 Avqust, 2026
Tarix: 17 Aug 2026 12:11
Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydası müəyyənləşəcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində təsdiq etməlidir.
Qanuna görə, torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar, habelə qanunla özəlləşdirilməsi qadağan olunan və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, dövlət mülkiyyətində olan torpaq sahələri qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərarı ilə dəyişdiriləcək.
Dövlət əmlakı xüsusi mülkiyyətMənbə: apa.az