Hesablama Palatası: Yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklər var

Tarix: 27.05.2024 17:16

Hesablama Palatası tərəfindən aparılan təhlillər yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklərin olduğunu deməyə imkan verir. Belə ki, 2023-cü ilin dövlət büdcəsinin icrası prosesində gəlir kimi tanınaraq vahid xəzinə hesabının müstəqil kredit sərəncamçılar üzrə qalıqlarına aid edilən məbləğlərin bir hissəsinin gəlirdə nəzərə alınması icra prosesində eyni daxilolmaların 2-ci dəfə gəlir kimi tanınmasına səbəb ola bilər.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilib.

Məlumata görə, 2024-cü ilin makrobüdcə parametrləri üzrə proqnozların dəyişdirilməsi fonunda yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə yenilənən dövlət büdcəsinin hansı fiskal risklərin təsirinə məruz qala biləcəyi göstərilməyib.

Məlumata görə, Hesablama Palatası tərəfindən qeyd edilən risklərin bəzilərinə (məsələn, eyni gəlirlərin təkrarən tanınaraq 2-li uçota səbəb olması, başa çatdırılmamış tikililərin dəyərində azalma meylinin olmaması) baxılan dövr ərzində rast gəlinmişdir. Belə ki, 2024-cü ilin yenidən baxılan layihəsində büdcədənkənar gəlirlər üzrə proqnozun dəyişdirilmədən saxlanılması cari ildə də vahid xəzinə hesabının sərbəst qalığından ayrılacaq vəsaitin ikili uçota yol verilməklə yenidən büdcədənkənar gəlirlərdə tanınması riskinin aktual olduğunu deməyə imkan verir (qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsinin icrası zamanı bu hal aradan qaldırılmışdır). Eyni zamanda, təqdim edilmiş sənədlərdə bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclərə tələbatın yaranması 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən əsas amillərdən biri kimi qeyd edilmişdir ki, bu da Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə rəyində şərh etdiyi əsaslı xərclərin az nəzərdə tutulması ilə bağlı fiskal riskə icra prosesində rast gəlindiyini göstərir.

Xəbər Lenti