Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib

Tarix: 30.05.2024 15:18

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ISO 37000:2021 “Governance of organizations. Guidance” beynəlxalq standart əsasında AZS ISO 37000:2024 “Korporativ idarəetmə. Rəhbəredici göstərişlər” yeni dövlət standartı qəbul edib.

Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.

Dövlət standartı idarəetmə orqanlarında vəzifələrin effektiv, diqqətli və səmərəli formada yerinə yetirilməsini, o cümlədən, idarəetmə prosesində inam, inklüzivlik, hesabatlılıq, etibarlılıq, operativlik, şəffaflıq və ədalətliliyi artırılmasını təmin edəcək idarəçilik prinsiplərini müəyyənləşdirir.

Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda korporativ idarəetmə prosedurlarını beynəlxalq tələblərə uyğunlaşdırmaqla maliyyə-iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasına, risklərin effektiv idarə olunmasına, etibarlı daxili nəzarət sisteminin yaradılmasına imkan verəcək.

Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Xəbər Lenti