Çərşənbə axşamı, 25 Avqust, 2026
Tarix: 25 Aug 2026 16:08
“Prezident İlham Əliyevin 23–24 avqust tarixlərində Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur. Səfərin nəticələri göstərir ki, Bakı və Daşkənd mövcud yüksək siyasi etimadı uzunmüddətli iqtisadi, investisiya və regional əməkdaşlıq mexanizmlərinə çevirmək istiqamətində irəliləyir”.
Bunu APA-ya açıqlamasında özbək politoloq Azamat Seitov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin əhəmiyyətini iki əsas müstəvidə qiymətləndirmək lazımdır: “Birinci müstəvi ikitərəfli münasibətlərin siyasi statusunun ardıcıl şəkildə yüksəlməsidir. Özbəkistan və Azərbaycan artıq müttəfiq dövlətlərdir. İki ölkənin liderləri arasında yüksək səviyyədə siyasi etimad formalaşıb. İkinci mühüm istiqamət bu müttəfiqliyə uzunmüddətli iqtisadi və regional məzmun qazandırılmasıdır”.
Azamat Seitov hesab edir ki, səfər çərçivəsində imzalanan Əbədi dostluq haqqında Müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək arxitekturasını müəyyənləşdirən mühüm siyasi sənəddir: “Bu müqavilənin əsas əhəmiyyəti seçilmiş strateji kursun davamlılığına siyasi təminat yaratmasındadır. Daşkənd və Bakı göstərirlər ki, hazırkı yaxınlaşma beynəlxalq konyunkturadan və müvəqqəti geosiyasi şərtlərdən asılı deyil. Söhbət onilliklər üçün nəzərdə tutulan strateji qarşılıqlı fəaliyyətdən gedir”.
Politoloqun fikrincə, münasibətlərin yüksək siyasi səviyyəyə çatması Bakı və Daşkənd qarşısında yeni vəzifə qoyur: əldə edilmiş siyasi kapital konkret iqtisadi nəticələrə çevrilməlidir.
“Əsas göstərici razılaşmaların necə həyata keçirilməsi, nə qədər investisiya yaratması, hansı istehsal layihələrinin reallaşdırılması və iki ölkənin biznes dairələrinin hansı yeni bazarlara birlikdə çıxa bilməsi olacaq”, – Seitov qeyd edib.
Azamat Seitov səfərin regional əhəmiyyətinə də diqqət çəkib. Onun fikrincə, Azərbaycan və Özbəkistanın coğrafi mövqeləri əməkdaşlığı sırf ikitərəfli münasibətlər çərçivəsindən çıxarır.
“Azərbaycan Özbəkistan üçün Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa bazarlarına çıxışın əsas istiqamətlərindən birinə çevrilir. Özbəkistan isə Azərbaycan üçün Mərkəzi Asiya və daha sonra Çin istiqamətinə çıxış imkanlarını genişləndirir”, – ekspert deyib.
Politoloq vurğulayıb ki, əsas sual artıq iki ölkənin siyasi baxımdan nə qədər yaxın olması deyil.
“İndi əsas sual budur: Azərbaycan və Özbəkistan bu siyasi etimadı real işləyən istehsal zəncirlərinə, dayanıqlı investisiya layihələrinə və səmərəli nəqliyyat dəhlizlərinə çevirə biləcəklərmi? Hesab edirəm ki, bunun üçün həm siyasi iradə, həm də zəruri iqtisadi potensial mövcuddur”.
O əlavə edib ki, bu modelin uğurla reallaşdırılması Azərbaycan-Özbəkistan müttəfiqliyinin əhəmiyyətini Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni əlaqələr sistemi üçün də mühüm dayaqlardan birinə çevirə bilər.
Azərbaycan Özbəkistan Əbədi dostluq ekspertMənbə: apa.az