- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 01.06.2024 14:50
Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin Üçüncü Beynəlxalq Forumu keçirilib.
"APA-Economics" xəbər verir ki, Forumda türk dövlətləri qiymətləndirmə birliklərinin rəhbər və nümayəndələri, qonaq qismində Rusiya, Gürcüstan və Belarus qiymətləndirmə şirkətlərinin rəhbər və təmsilçiləri, eləcə də Azərbaycanın İqtisadiyat, Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Mərkəzi Bankının nümayəndələri və deputatlar iştirak edib. Forumun məqsədi türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır.
Forum çərçivəsində idarə heyətinin iclası keçirilib və mühüm qərarlar qəbul edilib. Forumda qiymətləndirmə sektorunda qlobal problemlər müzakirə olunub, ortaq türk qiymətləndirmə standartları barədə müzakirələr aparılıb. Bildirilib ki, bu müzakirələrdə səsləndirilən fikirlərin nəticəsində müəyyən adımlar atılacaq.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının yaradılması ilə bağlı Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti arasında razılıq əldə olunub. 2023-cü ilin aprel ayında isə Bakıda keçirilən zirvə görüşündə bu razılıq rəsmi şəkildə qəbul edilib və bundan təxminən bir ay sonra Qazaxıstanda təsis konfransı keçirilib. Bundan öncə də Ankara və Türküstan şəhərlərində Türk Dövlətləri Qiymətləndiricilərinin birinci və ikinci forumları baş tutub.