İlin əvvəlindən AZAL istiqamətlərin sayını və onlayn satış payını artırıb

Tarix: 03.06.2024 16:10

Azərbaycanın milli aviadaşıyıcısı 2024-cü ilin yanvar-aprel aylarında istiqamətlərin sayını 52-yə çatdırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 istiqamət daha çoxdur.

Bunu “APA-Economics”ə müsahibəsində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev deyib.

Onun sözlərinə görə, 2024-cü ilin ilk dörd ayı ərzində “Azərbaycan Hava Yolları” aviaşirkəti 4,843 reys həyata keçirib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 43% daha çoxdur. Aviaşirkətin beynəlxalq marşrutları üzrə xüsusilə yüksək artım müşahidə olunur. Bu ilin yanvar-aprel aylarında uçuşların sayı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 44% artıb.

Samir Rzayev qeyd edib ki, bu ilin ilk dörd ayı ərzində yüklənmə faktoru (sərnişin oturacaqlarının tutulma faizi) yüksək səviyyədə müəyyənləşərək 79% təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 73% idi. Aviadaşımalara olan tələbat artımından xəbər verən bu rəqəmlər həm də aviaşirkətin resurslardan səmərəli istifadə etdiyini vurğulayır.

Onun sözlərinə görə, 2023-cü ilin sonunda AZAL aviaşirkətinin onlayn satış payı 21%-dən 27,55%-ə artıb. Onlayn satışların payı 2024-cü ilin yanvar-aprel aylarında da artmağa davam edib. 2023 və 2024-cü ilin ilk dörd aylarını müqayisə etsək, onlayn satışların payı müvafiq olaraq 25% və 31% təşkil edib. O, bildirib ki, hazırda Naxçıvan üzrə onlayn satışların payı 50%-i ötüb. Bu artım aviaşirkətin rəqəmsallaşmasını və onlayn bilet satışının sərnişinlərə gətirdiyi rahatlığı, həmçinin biletlərə daha asan və sürətli çıxışın təmin edilməsini nümayiş etdirir.

Xəbər Lenti