Şuşada Beynəlxalq Sahibkarlar Forumunun birinci panel müzakirəsi keçirilib

Tarix: 03.06.2024 17:54

Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində birinci panel müzakirə baş tutub.

APA xəbər verir ki, forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov startapların müxtəlif sahələr üzrə tətbiq olunmasının vacibliyindən danışıb.

“Mədəniyyət özü bir məfhum olaraq yaradıcılığı ehtiva edir. Çox sürətli inkişaf dövründə sahibkarlıqla yaradıcılığı bir araya gətirmək ən mühüm məsələlərdəndir”, – o bildirib.

Bakı Dövlət Universitetinin rektoru professor Elçin Babayev isə, mövzu ətrafında çıxışı zamanı startapların layihə səviyyəsinə qalxmasının vacibliyinə toxunub:

“Bunun üçün, birinci növbədə, infrastruktur yaradılmalıdır”.

Elçin Babayev müxtəlif komitə və ölkələr arasında bu mövzuda davamlı fikir mübadiləsinin aparılmasının lazım olduğunu deyib.

Rektor Bakı Dövlət Universitetinin kifayət qədər investisiya cəlb etmiş ali təhsil müəssisəsi olduğunu qeyd edib.

Kənd Təsərrüfatı İnkişaf Təşkilatının (AOAD) əməkdaşı Osama Rayisin sözlərinə görə, sahibkarlıqda yerli biliyin texnologiya ilə vəhdət halında inkişaf etdirilməsi artıq proses olaraq mümkündür:

“Məsələn, Hindistanda son dövrlərə nəzər salaq, orada ağ inqilab baş verdiyini görə bilərik. Hindistanın, az qala, hər əyalətində süd istehsalı həyata keçirilir. Buna necə nail olunub, məncə, məlumdur”.

Liviyanın Baş nazirinin keçmiş müavini, Sahibkarlıq üzrə böyük məsləhətçi Məhəmməd Əhməd Ələsvad müzakirə zamanı daha yaxşı kənd təsərrüfatı idarə etmə sisteminin vacib olduğunu nəzərə çatdırıb.

Məhəmməd Əhməd Ələsvəd çıxışının yekununda Liviya ilə Azərbaycan münasibətlərinə də toxunub. Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq münasibətləri kifayət qədər inkişaf edib.

Fərdi çıxışların ardından panel ümumi müzakirələrlə davam etdirilib.

Xəbər Lenti