Şuşada Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində ikinci panel müzakirə keçirilib

Tarix: 03.06.2024 19:29

Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində ikinci panel müzakirə baş tutub.

APA xəbər verir ki, forum çərçivəsində “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar” mövzusunda geniş müzakirə aparılıb.

Müzakirə zamanı "FemTech"in direktoru Nərgiz Əmrahova qadınların İT sahəsinə cəlb edilməsi potensialından danışıb.

“Bu mənada, cəmiyyət arasında nümunəvi model və şəxsləri tez-tez misal çəkməli, onların, bir növ, təbliğatını aparmalıyıq. Digər bir çağırış isə təhsil məsələsidir. İbtidai sinifdən etibarən düşüncə tərzində müsbət dəyişikliklər edilməli, zamanla qadınlar daha çox səlahiyyətləndirilməlidir”, – o əlavə edib.

Pakistanlı qadın sahibkar Jehan Ara deyib ki, qadın, birinci növbədə, öz potensialına inanmalıdır: “Liderlik qabiliyyətinin olmasına inam onlarda formalaşmalıdır. Bu bir qədər zaman alacaq prosesdir, amma həm də təməl məfhumdur. Ona görə də biz qadınlara biznes şəbəkələrini yaratmağa dəstək göstərir, bir-birilərinə lazımi köməklik göstərməsinə təşəbbüs göstəririk”.

Pakistandan olan bir digər nümayəndə Noshaba Avais isə gender bərabərliyi istiqamətində Pakistanda görülən işlərə toxunub. “Birinci əsas göstərici qadınların təhsil alması məsələsidir. Universitetlərdəki işçilərin 50 faizdən çoxu qadındır və onların əmin olun ki, çoxu vəzifədədir. Bu həm də qız tələbələr üçün stimuldur”, – o bildirib.

Panel ümumi müzakirələrlə davam etdirilib.

Xəbər Lenti