- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 05.06.2024 13:14
BP gələn ilin əvvəlindən Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqları blokunda (AÇG) dərin laylardan qaz hasilatına diqqət yetirəcək.
"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
"Biz, 2025-ci ilin əvvəlindən "Azəri-Çıraq-Günəşli" yataqlarında dərin qaz layları məsələsinə diqqət yetirəcəyik", - Qəri Counz qeyd edib.
Qeyd etmək lazımdır ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılmasına başlanılıb, aprel ayında quyu tamamlanıb.
AÇG-də dərin laylardan qaz hasilatının həyata keçirilməsi planları çərçivəsində ilk hasilat quyusunun qazılmasına bu ilin ikinci yarısında başlamaq planlaşdırılır.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.