Özbəkistan Prezidenti: “ŞƏT plyus” qlobal idarəetmə arxitekturasının formalaşmasında mühüm platformaya çevrilə bilər

Özbəkistan Prezidenti: “ŞƏT plyus” qlobal idarəetmə arxitekturasının formalaşmasında mühüm platformaya çevrilə bilər

Tarix: 01 Sep 2026 12:56

“ŞƏT plyus” formatı dövlətləri, regionları və beynəlxalq təşkilatları vahid gündəlik ətrafında birləşdirən mühüm platformaya çevrilə bilər.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

O bildirib ki, BMT beynəlxalq münasibətlər sistemində mərkəzi əlaqələndirici rolunu saxlamalı, regional strukturlar isə onun səylərini tamamlamalıdır.

“Yeni dünya nizamı yalnız beynəlxalq münasibətlər sistemində qlobal qüvvələr nisbətini əks etdirməməli, həm də regional problemlərin ədalətli həllinə töhfə verməlidir”, – Mirziyoyev vurğulayıb.

Özbəkistan Prezidenti “ŞƏT plyus” formatının regionlararası dialoq platforması kimi inkişaf etdirilməsini təklif edib.

Onun sözlərinə görə, bu çərçivədə dayanıqlı inkişaf, yüksək texnologiyaların tətbiqi, iqlim dəyişikliklərinə uyğunlaşma, insan kapitalının inkişafı, əlçatan təhsil və gənclərin dəstəklənməsi əsas istiqamətlər olmalıdır.

Mirziyoyev, həmçinin təbiətdən istifadə, “yaşıl enerji”, rəqəmsal xidmətlər və səhiyyə sahələrində regionlararası layihə və texnologiyaların açıq bankının yaradılmasını təklif edib.

Özbəkistan lideri qeyd edib ki, Avrasiya məkanında çoxqütblülük yeni ayırıcı xətlər yaratmamalı, əksinə, əməkdaşlıq və qarşılıqlı imkanlar məkanını genişləndirməlidir.

Faiq Mahmudov Özbəkistan prezidenti “ŞƏT plyus” Şavkat Mirziyoyev

Mənbə: apa.az

Xəbər Lenti