- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 05.06.2024 19:56
Ölkəmizdə hər il keçirilən Bakı Enerji Həftəsi beynəlxalq müstəvidə böyük maraqla qarşılanır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, bu tədbir bütün dünyanın enerji sənayesi liderlərini bir araya gətirir: "Beləliklə də beynəlxalq aləmin diqqəti Azərbaycana yönəlir. Prezident İlham Əliyevin də Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin statusunun yüksəkliyini təsdiqləyir. Bu il Bakı Enerji Forumunda 37 ölkədən 300-dən artıq şirkət iştirak edib. Enerji sənayesinin liderləri məhz Bakıda bir araya gələrək enerji təhlükəsizliyi, enerji istehsalı, yaşıl enerji və digər vacib məsələləri müzakirə edirlər".
Müşfiq Cəfərov qeyd edib ki, son illər Bakıda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın dünyanın enerji siyasətində, enerji təhlükəsizliyindəki rolunun beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasının nümünəsidir: "Bu mənada ABŞ Prezidenti Co Baydenin məktubu da xüsusi diqqət çəkir. Co Baydenin Prezidentə ünvanladığı məktubunda da qeyd edilir ki, “Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məmnunluq doğurur. Bu məktub bir həftə ərzində ABŞ Prezidentinin Azərbaycan Prezidentə ünvanladığı ikinci məktubdur. Ümumiyyətlə, ABŞ liderlərinin belə enerji toplantılarına təbrik göndərməsinin adi hal olmaması Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişafını göstərir.
Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin və əməkdaşlıq coğrafiyasının genişlənməsi, ölkənin qlobal aktor kimi rolunu gücləndirir. Burada əlbəttə ki, Azərbaycanın etibarlı tərəfdaş olması da öz sözünü deyir. Tam əminliklə deyə bilərik ki, Bakı Enerji Həftəsi ölkənin qlobal enerji bazarındakı mövqeyini daha da gücləndirəcək. Bu tədbir, Azərbaycanın enerji strategiyasının bugünə kimi olan uğurlarını və gələcəkdə bərpa olunan enerji sahəsindəki planlarını əks etdirir".