Çərşənbə, 2 Sentyabr, 2026
Tarix: 02 Sep 2026 13:35
Azərbaycan mina fəaliyyətini beynəlxalq gündəmin diqqətində saxlamaq üçün ardıcıl səylər göstərib.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib.
“2022-ci ildən etibarən Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Bakıda bir sıra beynəlxalq mina fəaliyyəti konfranslarına ev sahibliyi edir.
2023-cü ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Qoşulmama Hərəkatı humanitar minalardan təmizləmə üzrə Azərbaycan tərəfindən rəhbərlik edilən əlaqələndirmə qrupu yaradıb.
Bu qrupun fəaliyyəti daha güclü koordinasiyaya, təcrübə mübadiləsinə, qurbanlara yardıma və resursların səfərbər edilməsinə xidmət edir. Azərbaycan mina ilə bağlı məsələləri UNESCO və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla digər beynəlxalq platformalarda da gündəmə gətirib. Mesajımız aydındır: minaların təsiri onların yaratdığı ani partlayış təhlükəsindən çox-çox uzağa gedir. Bu problem insan hüquqlarına, mədəni irsə, inkişafa və uzunmüddətli sülhə təsir göstərir”,- Samir Şərifov vurğulayıb.
O, beynəlxalq tərəfdaşları Azərbaycana mina fəaliyyəti sahəsində dəstəyi artırmağa çağırıb
Nazir müavini bildirib ki, gələcək yardım Azərbaycanın milli prioritetlərini nəzərə almalı, praktiki və nəticəyönümlü olmalıdır. Onun sözlərinə görə, Azərbaycanın əsas ehtiyacları arasında texniki tədqiqatlar, məlumatların idarə edilməsi, xüsusi avadanlıqlar, maliyyə dəstəyi, mina qurbanlarına yardım və mina təmizləmə qruplarına dəstək yer alır.
O, texniki avadanlıqların Azərbaycanın ərazi, iqlim və hava şəraitinə uyğun olmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, əməkdaşlıq yalnız avadanlıq təminatı ilə məhdudlaşmamalı, yerli istehsal, texniki xidmət, təlim və texnologiya transferini də əhatə etməlidir.
Samir Şərifov həmçinin mina qurbanlarına uzunmüddətli dəstəyin vacibliyini diqqətə çatdırıb. O, yüksək keyfiyyətli protez xidmətləri, fiziki reabilitasiya, psixoloji dəstək və mina qurbanlarının sosial-iqtisadi həyata reinteqrasiyasının təmin edilməsinə çağırıb.
Toğrul Quluzadə #Azərbaycan #minafəaliyyəti #minatəhlükəsi #minatəmizləmə #SamirŞərifov #XariciİşlərNazirliyiMənbə: apa.az