Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1

Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1

Tarix: 06 Sep 2026 19:44

Kiyevdə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün birinci raundu başa çatıb.

UNİAN-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Birinci raundda danışıqlar Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilib.

Danışıqlar zamanı Kuşner bildirib ki, Tramp sadəcə müharibəyə son qoymaq deyil, həm də Ukraynada uzunmüddətli sülh üçün şərait yaratmaq istəyir.

O əlavə edib ki, gələcək razılaşmalar yeni müharibənin baş verməsi ehtimalını aradan qaldırmalı və Ukraynaya müharibə illərində nümayiş etdirdiyi güc və ixtiraçılıqdan ölkənin inkişafı üçün istifadə etmək imkanı verməlidir: “Bir çox siyasətçi mürəkkəb problemlərdən qorxur. Prezident Tramp həmişə deyir ki, məsələ nə qədər mürəkkəbdirsə, bir o qədər yaxşıdır və buna bütün gücünü sərf etmək lazımdır. Buna görə də o, bu müharibəyə və insanların ölümünə son qoymaq, ailələrin həyatını asanlaşdırmaq üçün çox qətiyyətlidir”.

Eyni zamanda, Uitkoff bu söhbəti “çox məzmunlu” adlandırıb:

“Biz ruhlanmışıq və lazım olduğu qədər bundan sonra da işləməyə hazırıq”.

Uitkoff həmçinin Ukraynanın qonaqpərvərliyinin “misilsiz” olduğunu qeyd edib:

“Deyərdim ki, bizim çox məzmunlu müzakirələrimiz oldu. Məzmunlu, mühüm müzakirələr. Biz çox ruhlanmışıq və bu günün davamını lazım olduğu qədər səbirsizliklə gözləyirik”.

Öz növbəsində Zelenski bildirib ki, Uitkoff və Kuşnerin iştirakı ilə artıq iki panel müzakirəsi keçirilib. Prezident müharibənin başa çatması üçün hər şeyi etməyin çox vacib olduğunu vurğulayıb: “Burada hamımız eyni tərəfdəyik – çox istəyirik ki, müharibə olmasın, əzablar yaşanmasın, insanlar həlak olmasın. Bu müharibə ədalətli şəkildə – hamımız üçün ədalətli sülhlə başa çatsın. Həmçinin müharibə elə başa çatmalıdır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünü yenidən başlatması mümkün olmasın. Bunun üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, ikinci raundda “Avropa üçlüyü” ölkələrinin – Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin iştirakı ilə danışıqlar keçiriləcək.

***

saat 15.14

Prezident Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə görüşü başlayıb.

“Kyiv Independent”-in xəbərinə görə, Stiv Uitkoff və Cared Kuşner Kiyevə qatarla gəliblər və onları stansiyada Ukraynanın yüksəkvəzifəli rəsmiləri, o cümlədən Prezident Ofisinin rəhbəri Kirill Budanov, Zelenskinin partiyasının parlamentdəki rəhbəri David Araxamiya və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov qarşılayıblar.

Stiv Uitkoff və Cared Kuşnerlə görüşdən əvvəl Volodimir Zelenski jurnalistlərə bildirib ki, Ukrayna hava limanları da ABŞ nümayəndələrinin təyyarə ilə gəlməsi üçün hazır vəziyyətə gətirilib, lakin Rusiyanın hava zərbələri bu variantın həyata keçirilməsinə imkan verməyib.

Ukrayna Prezidentinin gün ərzində nümayəndələrlə danışıqlar aparacağı gözlənilir.

https://t.me/apa_az/125793

***

saat 14.41

ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər edib.

Bu barədə UNİAN məlumat yayıb.

Amerikalı nümayəndələri qatardan Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov, Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya qarşılayıblar.

Qeyd edək ki, Stiv Uitkoff və Cared Kuşner bundan əvvəl dünən Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Stiv Uitkoff Cared Kuşner Kiyev
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1

Mənbə: apa.az

Xəbər Lenti