HƏMAS: İsrail Ordusunun Nuseyratda əməliyyatı zamanı üç israilli girov öldürülüb

Tarix: 09 Jun 2024 19:37

HAMAS İsrail Ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində 4 israilli girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı 3 israilli girovun öldüyünü iddia edib.

APA-nın xəbərinə görə, bu barədə HAMAS-ın “Telegram” kanalında məlumat yerləşdirilib.

Qeyd edilib ki, İsrail Ordusu girovlardan bir neçəsini azad edib, lakin həmin düşərgədə biri ABŞ vətəndaşı olmaqla, 3 girovu öldürüb.

HAMAS-ın yaydığı videoda öldürüldüyü iddia edilən girovların üzləri örtülmüş şəkildə meyitləri göstərilir.

Qeyd edək ki, iyunun 8-də İsrail Ordusu Nuseyrat bölgəsində xüsusi əməliyyatın keçirildiyini, nəticədə 2023-cü il oktyabrın 7-də girov götürülmüş 4 israillinin azad edildiyini açıqlayıb.

Qəzzadakı səhiyyə qurumu isə İsrail Ordusunun Nuseyrat qaçqın düşərgəsində 4 girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı ən azı 274 fələstinlinin öldüyünü, 698 nəfərin yaralandığını açıqlayıb.

Xəbər Lenti