Baş direktor: Azərbaycan 2027-ci ilədək 2 QVt yaşıl enerji layihəsi reallaşdırmaq niyyətindədir

Baş direktor: Azərbaycan 2027-ci ilədək 2 QVt yaşıl enerji layihəsi reallaşdırmaq niyyətindədir

Tarix: 07 Sep 2026 11:10

Azərbaycan 2027-ci ilədək ümumi gücü 2 QVt olan yaşıl enerji layihələrini reallaşdırmaq niyyətindədir.

APA xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

IRENA baş direktoru bildirib ki, Azərbaycan bərpa olunan enerjini milli prioritetlərinin mərkəzinə yerləşdirib.

“Azərbaycanı bərpa olunan enerjini milli prioritetlərinin mərkəzinə yerləşdirdiyinə görə təqdir etmək istərdim. Ölkənin 2027-ci ilədək 2 giqavat həcmində yaşıl enerji layihələrini reallaşdırmaq ambisiyası var”, – deyə IRENA rəhbəri vurğulayıb.

O diqqətə çatdırıb ki, 2025-ci ildə dünyada rekord həcmdə – 692 giqavat bərpa olunan enerji gücü yaradılıb: “2025-ci ilin sonuna bərpa olunan enerji mənbələrinin payı qlobal quraşdırılmış elektrik enerjisi gücünün 49 faizinə çatıb. Bərpa olunan enerjiyə keçid təkcə sürətlənmir, həm də enerji sistemlərinin təhlükəsizliyini və dayanıqlılığını gücləndirir. Enerji keçidi artıq yalnız iqlim baxımından zərurət deyil. Bu, həm iqtisadi, həm də strateji zərurətdir”.

Onun sözlərinə görə, enerji keçidi yalnız bərpa olunan enerji güclərinin artırılması ilə məhdudlaşmır. Daha dayanıqlı, çevik və təhlükəsiz enerji sistemlərinin qurulması üçün elektrik şəbəkələrinə, enerji saxlanc sistemlərinə, rəqəmsallaşmaya və sistem çevikliyinə investisiyalar artırılmalıdır.

IRENA rəhbəri bildirib ki, bu onillikdə qurulacaq enerji sistemləri qarşıdakı onilliklər ərzində ölkələrin iqlim nəticələrini, iqtisadi rəqabət qabiliyyətini və strateji dayanıqlılığını müəyyən edəcək.

O, Yaxın Şərqdə baş verən son hadisələrin enerji bazarlarında yaranan pozuntuların iqtisadiyyatlara, sənaye sahələrinə və ev təsərrüfatlarına nə qədər sürətlə təsir göstərə bildiyini nümayiş etdirdiyini qeyd edib.

“Enerji sisteminin təhlükəsizliyi onun nəzarətindən kənarda baş verən pozuntulara nə dərəcədə məruz qalmasından sıx şəkildə asılıdır”, – Françesko La Kamera əlavə edib.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti