Çərşənbə axşamı, 8 Sentyabr, 2026
Tarix: 08 Sep 2026 11:34
Hazırda 151 iqlim stansiyası hava proqnozlarının hazırlanması üçün məlumat təmin edir.
APA xəbər verir ki, bunu “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda paneldə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
O bildirib ki, əlavə 30 iqlim stansiyasının quraşdırılması planlaşdırılır. Bununla da şəbəkədəki stansiyaların ümumi sayının 181-ə çatdırılması nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, məlumat yalnız fermer üçün konkret xidmətə və faydaya çevrildiyi zaman real dəyər yaradır:
“Məhz buna görə süni intellekt proqramımız bitki sağlamlığının monitorinqi, xəstəlik və zərərverici risklərinin qiymətləndirilməsi, məhsuldarlığın və suya tələbatın proqnozlaşdırılması, eləcə də suvarmanın idarə olunması kimi praktik tətbiqləri əhatə edir.
Bu həftə Bakıda aparılan müzakirələr və görülən işlər də məhz bu tərəfdaşlığın COP31 istiqamətində davam etdirilməsinə xidmət edir.
Süni intellekt insanın qərar qəbuletmə prosesini əvəz etməməli, əksinə, onu gücləndirməlidir. Meteoroloji məlumatlar bir qurumda, su ehtiyatlarına dair məlumatlar digər qurumda, kənd təsərrüfatına dair məlumatlar isə başqa bir sistemdə formalaşa bilər. Lakin fermer bütün bu risklərlə eyni vaxtda üzləşir. Buna görə də informasiya sistemlərimiz və institutlarımız arasında qarşılıqlı əlaqə eyni dərəcədə güclü olmalıdır”.
İ.Qədimova vurğulayıb ki, süni intellekt dövlət səviyyəsində qərar qəbuletmə proseslərinə daha dərindən inteqrasiya olunduqca məlumatların idarə edilməsi, kibertəhlükəsizlik, şəffaflıq, etibarlılıq və rəqəmsal inklüzivlik məsələlərinə də xüsusi diqqət yetirilməlidir.
“Ən vacibi isə rəqəmsal transformasiyanın kənd təsərrüfatında yeni bərabərsizlik yaratmasına imkan verməməkdir. Kiçik fermer də iri kənd təsərrüfatı müəssisəsi qədər erkən xəbərdarlıq sistemlərinin imkanlarından faydalana bilməlidir.
Əsas meyar düzgün məlumatın düzgün fermerə, düzgün zamanda çatması və onun vaxtında düzgün qərar qəbul etməsinə imkan yaratmasıdır. Buna nail ola bilsək, süni intellekt sadəcə texnoloji yenilik olmaqdan çıxaraq aqrar sektorun dayanıqlılığının gücləndirilməsi üçün mühüm vasitəyə çevriləcək”, – deyə nazir müavini əlavə edib.
Firuzə Vahid kənd təsərrüfatı istehsal İlhamə QədimovaMənbə: apa.az