Çərşənbə axşamı, 8 Sentyabr, 2026
Tarix: 08 Sep 2026 12:22
İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri subsidiya mexanizmlərində nəzərə alınır.
"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, yağıntılar artıq mövsüm ərzində bərabər paylanmır, quraqlıq dövrləri fərqli təsirlər göstərir, dolu hadisələri baş verir və bütün bunların kənd təsərrüfatına təsiri gözlə görünəndir.
Məcnun Məmmədovun sözlərinə görə, Aqrar Subsidiya Şurası subsidiya mexanizmləri ilə bağlı qərarlar qəbul edərkən iqlim amillərini də nəzərə alır. Bunun əsas nümunələrindən biri müasir suvarma sistemlərinin dəstəklənməsidir.
O bildirib ki, bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək dövlət güzəşti veriləcək. Əsas məqsəd daha az resursdan istifadə etməklə daha çox məhsul istehsalına nail olmaq, su sərfiyyatını azaltmaq və sudan səmərəli istifadəni təşviq etməkdir.
Nazir əlavə edib ki, tarlaqoruyucu zolaqların salınması da dövlət tərəfindən subsidiyalaşdırılır. Bu tədbir tarlaların və torpaqların qorunmasına, həmçinin eroziyanın azalmasına xidmət edir.
M.Məmmədov bildirib ki, gələcəkdə də kənd təsərrüfatı siyasətində iqlimədavamlı istiqamətlər nəzərə alınacaq.
Rahim Tarıverdiyev Məcnun Məmmədov iqlim dəyişiklikləri subsidiya mexanizmləri kənd təsərrüfatıMənbə: apa.az